Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov “Azərbaycanın parlaq gələcəyi və müxalifətin xəyal qırıqlığı” adlı məqalə yazıb.
“Rubin.az” həmin məqaləni təqdim edir:
“Azərbaycan Respublikasının XX əsrin sonlarında müstəqilliyinə qovuşan gənc dövlətlər sırasında ən uğurlularından biri olması bütün dünyada hamılıqla qəbul olunan gerçəklikdir. İqtisadiyyatını 3,5 dəfə artırmaq, əhalinin həyat səviyyəsini dəfələrlə yüksəltmək, möhtəşəm infrastruktur layihələri sayəsində ölkənin simasını büsbütün yeniləşdirmək, ən islahatçı dövlət adını qazanmaq və sair nailiyyətlər gənc dövlətlərdən heç də hamısına müyəssər olmamışdır. Gözlərimizin önündə, cəmisi 15 il ərzində Bakının dünyanın ən gözəl səhərlərindən biri səviyyəsinə yüksəlməsi sözün əsl mənasında əfsanənin reallığa çevrilməsidir. Üç dəniz əfsanəsini, Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ideyasını əfsanədən həqiqətə çevirən Azərbaycan indi daha möhtəşəm möcüzələr yaratmaqdadır.
Azərbaycanın sadaladığımız və sadalamadığımız reallıqları onu yetərincə cazibədar edib, başqa sözlə desək, məşhurlaşdırıb. Ölkəmizin və onun paytaxtı gözəl Bakının ardı-arası kəsilməyən dünya miqyaslı mədəni, humanitar, idman və s. tədbirlərinə ev sahibliyi etməsi qeyd etdiyimiz cazibədarlığın ən bariz ifadələrindən biridir. Dediyimiz fikrin digər ifadəsi isə Azərbaycana xarici turist axınının durmadan artması sayıla bilər. Azərbaycanın bu günü gözəldir, gələcəyi isə parlaqdır. Bunu nəinki etiraf etmək, həm də qürur duymaq lazımdır. Ölkəmizi, deməli bizim hamımızı gözləyən parlaq gələcək xalqımızı və dostlarımızı sevindirir, ruhlandırır və daha böyük uğurlara səfərbər edir. Düşmənlərimiz və gözü götürməyənlər isə məyus olur, paxıllıq edir, Azərbaycana qarşı məkrli planlar hazırlayır.
Düşmənlərin məyus olması hardasa başa düşüləndir. Başa düşülməyən müxalifətin məyus olması, xəyal qırıqlığı sindromunu yaşamasıdır. Onların Azərbaycanın möcüzədən fərqlənməyən uğurlarını görməzliyə vurmasını bir kənara qoyaq, lakin ədalət hissini büsbütün unudub ölkəmizə qarşı böhtan atanlarla bir sırada dayanmaları bağışlanan deyil. Öz dövlətinə, öz ölkəsinə, öz xalqına böhtan atmaqla seçici rəğbətini qazanmaq heç kimə müyəssər olmayıb. Yalan, böhtan, şaiyələr siyasi mübarizənin ən uğursuz vasitələridir. Bu yolu seçənlər, tarixin göstərdiyi kimi, seçici rəğbəti əvəzinə nifrət qazanır, ayrı-ayrı xarici dairələrin əllərində müvəqqəti vasitəyə çevrilir, nəticədə bütünlüklə iflasa uğrayırlar.
Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan möhtəşəm addımlarla parlaq gələcəyinə doğru inamla irəliləyir. Xalqın öz lideri Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, onun siyasətini qətiyyətlə dəstəkləməsi bu inamı daha da artırır”.