Mayın 8-də Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən aktyor Rza Rzayev və bacısı oğlu Toğrul İbrahimlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Rubin.az” Yeniavaz.com-a istinadən xəbər verir ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Tural Mirzəliyev və Ülvi Quliyevin müdafiəçisi iki vəsatət qaldırıb.
O, ilk vəsatətində təqsirləndirilən R. Rzayev haqqında seçilmiş başqa yerə getməmək haqqında intizam-qətimkan tədbirinin həbs-qətimkan tədbiri ilə əvəz olunmasını tələb edib. Müdafiəçi buna səbəb kimi R.Rzayevin mətbuata verdiyi müsahibələrində və sosial şəbəkələrdəki öz şəxsi hesabından T. Mirzəliyevi, ailəsini, azyaşlı qızını təhqir etməsini, müxtəlif üsullarla hədələməsini göstərib və buna dəlil ola biləcək materialların çap formasını məhkəməyə təqdim edib.
Təqsirləndirilən R. Rzayev vəsatətə etiraz olaraq bildirib : “Mən orada göstərilənlərin 2 faizini etmişəm. Təhqir məsələsinə gəldikdə isə bu gün prezidentin də ailəsi təhqir olunur, söyülür. Sadəcə mən onu bildirmişəm ki, Azərbaycan kişisini kim təhqir etsə, o da onun cavabını verməlidir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin özü şəxsən mənə etiraf edib ki, içində Tural Mirzəliyevin də olduğu bir qrup şəxs 8-ci kilometrdə yeyib-içdikdən sonra da min hoqqadan çıxıblar. Mən də onu paylaşmışam ki, baxın görün şagirdlərin təhsil-tərbiyəsindən məsul şəxs hansı tərbiyəsizlikləri edir”.
Dövlət ittihamçısı həbs-qətimkan tədbirinin seçilməsi üçün əsaslı səbəb olmadığını və vəsatətin təmin edilməməsini tələb edib. Vəsatət məhkəmə tərəfindən təmin edilməyib.
Müdafiəçi ikinci vəsatətində isə məhkəmə prosesinin ictimaiyyət tərəfindən də yaxından izləndiyini bildirərək şəffaflığın təmin edilməsi məqsədi ilə prosesin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasına və yayılmasına icazə verilməsini tələb edib.
Hakim Nəriman Mehdiyev isə prosesin onsuz da məhkəmə zalındakı müşahidə kameraları ilə qeydə alındığını və buna ehtiyac olmadığını bildirərək vəsatəti təmin etməyib.
Daha sonra təqsirləndirilən şəxs qismində R.Rzayev dindirilib və o özünü bu məsələdə təqsirli bilməyib. Digər təqsirləndirilən şəxs T. İbrahimli də dindirilən zaman özünü təqsirli bilmədiyini deyib.
Prosesdə zərərçəkmiş qismində T. Mirzəliyev dindirilib. O, hadisə zamanı baş verənlərdən danışıb. Bildirib ki, hadisə günü həyat yoldaşı və direktor vəzifəsində çalışdığı 175 saylı orta məktəbdə təhsil alan şagirdlərdən ikisinin valideyini ilə birgə başqa bir prosesdə şahid qismində iştirak etmək üçün zərərçəkmiş Ü.Quliyevin avtomobili ilə Nizami Rayon Məhkəməsinin qarşısına gəlib:
“Avtomobildən düşərkən gördüm ki, Rza Rzayev bir vəkil ilə bizdən 5-6 metr məsafədə dayanıb. O, mobil telefonu ilə mənim şəklimi çəkdi. Mən də həmin anın sübutu kimi ilk dəfə onun şəklini çəkdim. Çünki Rza Rzayev bunu mənimlə hər qarşılaşanda edirdi. Rza Rzayevin yanındakı vəkil mənim yanıma gələrək çəkdiyim fotonu silməyimi istədi. Mən isə ona fotonu Rza Rzayevin etdiyi kimi sosial şəbəkələrdə yaymayacağımı və bunu həmin anın sübutu kimi çəkdiyimi bildirdim. Daha sonra Rza Rzayev yenə hər zamankı kimi məni təhqir etməyə və nalayiq ifadələr işlətməyə başladı. O bu hərəkətini də mənimlə hər qarşılaşanda təkrarlayırdı. Mən isə bu dəfə buna səssiz qalmadım və ona tərəf gedərək buna son verməsini və dediyi sözlərin özünə aid olduğunu bildirdim. O da mənə tərəf gələrək əvvəlcə məni qarnı ilə itələdi. Sonra isə əlindəki mobil telefonla məni vurmağa başladı. O mənim göz, alın və qulaq nayihələrimə ən az 8 dəfə zərbə endirdi ki, bunun da ən azı dördü mobil telefonla edilmişdi. Bu zaman hadisə yerinə sonradan gələn Toğrul İbrahimli də davaya qoşularaq məni vurmağa başladı. Rza Rzayev və Toğrul İbrahimli, həmçinin bizi aralaşdırmağa çalışan Ülvi Quliyevə də xətəryetirdi. Mən isə onların bu hərəkətinə heç bir halda qarşılıq vermədim. Sadəcə daha az zərbə almaq üçün əlimlə özümü qoruyurdum”. T. Mirzəliyev bildirib ki, daha sonra 102 xidmətinə zəng vuraraq hadisə haqqında məlumat verib: ” Daha sonra polislər gəlib bizi bölməyə apardılar”.
Təqsirləndirilən T. İbrahimlinin vəkili T. Mirzəliyevdən hadisədən bir gün sonra xəstəxanada müstəntiqə verdiyi ifadəni təsdiq edib- etmədiyini soruşub. T. Mirzəliyev də ifadəsini təsdiq etdiyini deyib. Vəkil T. Mirzəliyevə həmin ifadədə niyə T. İbrahimlinin adını çəkmədiyini soruşub. T. Mirzəliyev isə həmin an səhhətindəki problemlərə görə ifadəsini oxumadan imzaladığını, amma hadisəni indi danışdığı kimi müstəntiqə nəql etdiyini bildirib.
Təqsirləndirilən R.Rzayev də T. Mirzəliyevə hadisə ilə bağlı suallar yönəldib. O həmin gün T. Mirzəliyevin mobil telefonu ilə çəkdiyi fotonu məhkəməyə təqdim etməsini tələb edib. O həmin fotoda məhkəmə prosesinə təsir edə biləcək əsasların olduğunu bildirib. T. Mirzəliyev isə ehtiyac və məhkəmənin tələbi olarsa, həmin fotonu məhkəməyə təqdim edə biləcəyini vurğulayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə aktyor R.Rzayevin 175 saylı orta məktəbin direktoru T. Mirzəliyevi döyməsinə dair məlumatlar və görüntülər yayılıb. Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi də məlumat yayıb.
Fakta bağlı Cinayət məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) və 221.1-ci (xuliqanlıq, ictimai qaydanı kobud surətdə pozma, zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.