Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “İnformasiya və kommunikasiya texnologiyalarının mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda elmi konfrans keçirilib.
Rubin.Az xəbər verir ki, konfransı kollecin direktoru İrşad Abbasov açaraq XXI əsrin informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu vurğulayıb, qloballaşma dövründə İKT-nin böyük əhəmiyyətindən söz açıb. Vurğulayıb ki, gündəlik həyatımızı, idarəetmə sistemini, habelə istehsal sahələrini İKT-siz təsəvvür etmək olmaz.
Prezident İlham Əliyevin Azərbaycanda İKT-nin tətbiqinin genişləndirilməsinə, elektron hökumətin qurulmasına, informasiyalı cəmiyyətin daha da inkişaf etdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdıran İ.Abbasov vurğulayıb ki, internet istifadəçilərinin sayının gündən-günə çoxalması, təhsilin informasiyalaşdırılması, elektron sənəd dövriyyəsinin tətbiq edilməsi, təhsil ocaqlarının internetə qoşulması, tələbələrin İKT biliklərinin artırılması Azərbaycanı regionda fərqləndirən üstün cəhətlərdən biridir.
Ölkəmizdə informasiya cəmiyyəti quruculuğu istiqamətində aparılan işlər, həyata keçirilən islahatlar və tədbirlərdən bəhs edən kollecin direktoru Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”dan da söz açıb.
Konfransda “İnformasiya cəmiyyətində İKT-nin inkişafı”, “İKT-nin bu günü”, “Müasir gənclik və İKT”, “Sosial şəbəkələrin həyatımızda rolu”, “İKT- nin ticarətdə rolu” və digər məruzələr dinlənilib.
Sonda videoçarx nümayiş olunub, məruzəçilərə fəxri fərmanlar verilib.
Davud Tarverdiyev