Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmana dəyişiklik edib. Fərmanla bir çox sosial müavinətlər artırılıb. Bəzilərinə artım 100 faizdən çox əlavələr edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov “Rubin.az”-a açıqlamasında deyib ki, prezidentin fərmanının icrasına aprelin 1-dən başlanılıb:
“Dünənki sərəncam və fərmanlar da aprelin 1-dən bu artımların verilməsini təmin edir. Ayın axırına qədər həmin artımlar, yeni təqaüd növləri öz ünvanına, həssas qrupların, əlilliyi olan şəxslərin, müharibə veteranlarının, sağlamlıq imkanları məhdud olan şəxslərin bank hesabına ödəniləcək”.
F.Talıbov qeyd edib ki, ümumiyyətlə sosial müavinətlərin və prezident təqaüdlərinin artırılması 600 minədək insanı əhatə edir:
“Bunlardan 300 mini əlilliyi olan şəxslərdir. Bu artım orta hesabla 100 faizədək qiymətləndirilir. Əgər aprelin 1-dək bu məqsədlər üçün dövlət büdcəsindən 400 milyon manat vəsait xərclənirdisə, artıq aprelin 1-dən sonra bu, 2 dəfə artaraq 800 milyon manat olub”.