Milli Məclisdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə birinci oxunuşda qəbul edilib. Layihə Ədliyyə orqanlarının tibb xidmətində xidmət edən hərbi qulluqçuların hüquqi statusunu və həmin sahədə xidmətin hüquqi əsaslarını müəyyənləşdirir.
Qanun layihəsinə görə, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşlar Ədliyyə Nazirliyinin tibb xidmətində vəzifəyə təyin olunduqdan sonra onlara mövcud hərbi rütbələrinə uyğun xüsusi rütbələr veriləcək. Ehtiyatdakı zabitlərə, onların hərbi rütbələri üçün müəyyən edilmiş müddət başa çatdığı təqdirdə, ilk xüsusi rütbənin bir pillə yüksək verilə bilməsi nəzərdə tutulur.
Tibb xidmətinin əməkdaşları qulluq etdikləri müddətdə hərbi çağırışdan və hərbi toplanışdan azad olunacaq; onlar hərbi qeydiyyatdan çıxarılaraq Ədliyyə Nazirliyində xüsusi qeydiyyata götürüləcəklər. Layihədə tibb xidmətinin hərbi qulluqçularının hansı müəssisələrdə fəaliyyət göstərəcəyi də göstərilib.
Sənəddə tibb xidmətinin hərbi qulluqçularının penitensiar xidmətin müalicə müəssisələrinin tibb xidmətlərində, müəssisələrin tibb-sanitar hissələrində və penitensiar xidmətin xüsusi bölmələrində xidmət edəcəkləri ifadə edilir. Xidmət keçmə qaydaları müvafiq qanun və normativ hüquqi aktlarla tənzimlənəcək.
Həmçinin layihədə Azərbaycanda və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası idarələrində qulluq keçən xüsusi rütbəli ədliyyə işçiləri və dövlət icra məmurları üçün xüsusi geyim forması ilə təminat nəzərdə tutulub.
Mənbə: az.trend.az

