Prezident İlham Əliyev paytaxtın 2 nömrəli doğum evinin təmirinə 2 milyon manat ayrılması barədə sərəncam verib.
“Rubin.az” xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum Evinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2019-cu il”.