COP31-in keçiriləcəyi Antalya şəhərində ümumi 1,5 milyon kvadratmetr sahə tədbir üçün hazırlandığı bildirilib. Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Dəstək Xidmətləri İdarəsinin rəisi Ahmet Sami Kulaklıoğlu bu məlumatı “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən COP31 üzrə logistika brifinqində verib.
Kulaklıoğlu bildirib ki, tədbir ərazisi iki əsas zolaqdan ibarət olacaq: təxminən 527 min kvadratmetr “Mavi Zona” və 582 min kvadratmetr “Yaşıl Zona”. Ətraf ərazilərin abadlaşdırılması və avtodayanacaqların daxil edilməsi ilə birlikdə ümumi sahə 1,5 milyon kvadratmetrə çatır.
COP31 çərçivəsində 11–12 noyabrda keçiriləcək Liderlər Sammiti üçün xüsusi VIP giriş məntəqəsi nəzərdə tutulub. Nazirlik rəsmisinin açıqlamasına görə, həmin girişdən yalnız liderlər və onların üç nəfərdən ibarət heyəti istifadə edəcək; onlar girişdən qarşılanma məntəqəsinə və oradan VIP zalına yönləndiriləcəklər.
Nazirlik nümayəndəsi həmçinin qeyd edib ki, Antalya COP31 iştirakçılarını qəbul etmək üçün geniş infrastruktur və logistika imkanlarına malikdir.
Mənbə: apa.az





