Dövlət İmtahan Mərkəzi 2026-cı ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər və Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 6-da əlavə imtahan keçirib.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub. İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 47 nəzarətçi, 6 buraxılış rejimi əməkdaşı və 7 bina nümayəndəsi ayrılıb.
Əvvəlcədən 388 şagirdin imtahana qatılması nəzərdə tutulurdu. İmtahanda 8 sağlamlıq imkanları məhdud şagird (gözdən əlil, eşitmə əngəlli və digər) iştirak edib; imtahan binalarında onlara xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81–100 faiz pozulması müəyyən edilmiş gözdən əlil şəxslərə fərdi nəzarətçilər təyin edilib.
Hərəkət məhdudiyyəti olan şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün şərait yaradılıb. İmtahan nəticələri 5 iş günü ərzində elan olunacaq.
Mənbə: apa.az





