AzerGold QSC dağ‑mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün 2026‑2027‑ci tədris ili üzrə “Təqaüd proqramı” müsabiqəsini elan edib. Müsabiqə Azərbaycan vətəndaşı olan, əyani təhsildə dağ‑mədən mühəndisliyi, geologiya, kimya mühəndisliyi və metallurgiya ixtisasları üzrə bakalavr və magistr səviyyəsinin sonuncu kurslarında oxuyan tələbələr üçün nəzərdə tutulub.
Müsabiqə iki mərhələdən — test imtahanı və müsahibədən ibarət olacaq. Test imtahanında ən çox bal toplayan 20 namizəd müsahibəyə buraxılacaq; növbəti mərhələdə hər bir namizədin hazırlığı müvafiq qiymətləndirmə meyarlarına uyğun müəyyən ediləcək.
Müsabiqəni uğurla keçən 10 tələbə Təqaüd proqramına cəlb edilərək, hər biri tədris ili müddətində aylıq 200 AZN təqaüd alacaq. Proqramda iştirak edən tələbələrin Səhmdar Cəmiyyətdə təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra tələblərə uyğun müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.
Müsabiqənin şərtləri və layihə ilə tanış olmaq, həmçinin iştirak üçün müraciət formasını doldurmaq üçün AzerGold QSC‑nin rəsmi saytında “Karyera” bölməsi altında yaradılmış “Təqaüd proqramı” altbölməsindən istifadə etmək tələb olunur. Müsabiqəyə elan dərc edildiyi gündən başlanır və müraciət üçün son tarix 16 sentyabr 2026‑cı ildir.
Mənbə: apa.az





