“Ermənistanla danışıqlar prosesinin formatı dəyişilməz olaraq qalır. Danışıqlarda irəliləyiş var”.
“Rubin.az” xəbər verir ki, bunu prezident İlham Əliyev “TASS” agentliyinə müsahibəsində deyib:
“Danışıqlar prosesi humanitar aksiyalarla dəstəklənməlidir. Əsas odur ki, danışıqların formatı dəyişməz olaraq qaldı. Danışıqlar illər ərzində olduğu kimi Ermənistan və Azərbaycan arasında aparılır. Bu prosesə yeni impulslar verildi. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqların formatının dəyişilməsinin yalnız hər iki tərəfin razılığı ilə mümkün olması haqda martın 9-da verdiyi bəyanatı müsbət dəyərləndiririk.
Ancaq rəsmi Bakı buna razılıq vermədi. Biz substantiv danışıqların aparılmasını vacib edən vəziyyətə qayıtmışıq. XİN rəhbərlərinə yaxın gələcəkdə danışıqlar prosesini davam etdirmək üçün görüş keçirmələri ilə bağlı tapşırıq verilib.
Danışıqlar prosesi nəticəyə yönəldilməlidir. Azərbaycan üçün ilk növbədə beynəlxalq hüquq, Helsinki aktı və BMT TŞ-nin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnaməsi çərçivəsində torpaqlarının işğaldan azad edilməsi durur”.
İ.Əliyev N.Paşinyanla Vyana görüşünü də şərh edərək onun konstruktiv şəraitdə keçdiyini vurğulayıb:
“Danışıqları müsbət qiymətləndiririk. Görüş konstruktiv mühitdə keçdi. Bu, Azərbaycan və Ermənistanın hökumət rəhbərlərinin uzun fasilədən sonra ilk rəsmi görüşü idi. Beynəlxalq tədbirlər çərçivəsində keçirilən əvvəlki görüşlər tanışlıq xarakteri daşıyırdı. XİN rəhbərləri danışıqların bir neçə mərhələsini keçiriblər. Görüş münaqişənin həlli istiqamətində danışıqlar prosesinin yeni başlanğıcı baxımından əhəmiyyətlidir.
Biz insanlar arasında təmaslar çərçivəsində etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı məsələləri müzakirə etdik. Daha əvvəl ictimaiyyət üzvləri arasında təmaslar olub. Ancaq humanitar tədbirlər haqda danışmaq hələ tezdir”.