Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı aparatının, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, idarə, müəssisə, təşkilatların məsul işçiləri və fəalları, gizir, zabit, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirdə Soyqırımı qurbanlarının və torpaqlarımız uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
“Rubin.az” xəbər verir ki,tədbir 31 mart Soyqırımı qurbanlarına həsr edilmiş video çarxın nümayişi ilə başlanılmışdır.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya geniş məruzə etmişdir. Bildirmişdir ki, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş ermənilərin soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə, kütləvi qətl və qırğınlara məruz qalmışdır. Azərbaycanlılar min illər boyu yaşadıqları tarixi dədə-baba torpaqlarından didərgin salınmış, indi Ermənistan adlandırılan həmin torpaqlarda xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Yalnız ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1918 –ci il mart qırğınlarına hüquqi- siyasi qiymət verilmiş və bunun əsasında bütün dünya azərbaycanlıları tərəfindən həmin tarixi gün azərbaycanlıların soyqırımı günü olaraq dərin kədər və hüznlə qeyd olunur.
Tədbirdə 1948-51-ci illərdə ermənilər tərəfindən Qərbi Azərbaycanın Vedibasar rayonundan deportasiya olunmuş, hazırda Həsənqaya kənd sakini Qurban Qasımov, ailəsi 1948-53 –cü illərdə Qərbi Azərbaycandan deportasiya olunmuş Aqşin Hacızadə, Telman Hüseynov, Qarabağ müharibəsi veteranı Gəray Əsədov çıxış edərək ermənilər tərəfindən törədilmiş azərbaycanlıların soyqırımı ilə bağlı müəyyən tarixi faktlar əsasında danışmış, aparılan uğurlu daxili və xarici siyasətə görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnnətdarlıqlarını bildirmişlər.