“Fərmanın icrası ilə bağlı müxtəlif işlər həyata keçirilir. Palata tərəfindən həm mexanizmin hazırlanması, həm vətəndaşların daim məlumatlandırılması istiqamətində işlər görülüb. Atılan addımlardan biri də elektron portalın yaradılmasıdır. Portalın yaradılmasının əsas məqsədi proseslərin tam şəffaf şəkildə həyata keçirilməsi, vətəndaş-məmur, vətəndaş-bank münasibətlərinin minimallaşdırılması, vətəndaşların proseslərdən daim məlumatlandırılmasıdır”.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Orxan İsmayılov “Real intervyu” verilişində deyib:
“Bu gündən isə portala siyahı yüklənib və bundan sonra vətəndaşlar rahat şəkildə şəxsiyyət vəsiqələrinə aid olan məlumatları daxil etməklə onlar üçün hesablanmış kompensasiya məbləğini görə biləcəklər. Portala pk.fimsa.az saytından daxil olmaq olar. Burada lazımi məlumatları daxil etdikdən sonra vətəndaşa SMS məlumatlandırma gələcək. Bu məlumat əsasında isə vətəndaşın yaxınlaşmalı olduğu ünvan, tarix, lazımi sənədlər göstəriləcək”.
O.İsmayılov ödənişlərin aprel ayının sonunda həyata keçiriləcəyini bildirib:
“Aprelin sonlarına doğru ödənişlərin həyata keçirilməsinə başlanılması nəzərdə tutulur. Fərmanda verilmiş tapşırığa əsasən ödənişlər 3 ay müddətinə tamamlanmalıdır. Təxminən may ayının sonlarına doğru ödənişlərin tamamlanması nəzərdə tutulur”.