Xarici işlər naziri Elmar Məmmədyarov Argentina Respublikasına səfəri çərçivəsində bu ölkənin xarici işlər və etiqad naziri Xorxe Fori ilə görüşüb.
“Rubin.az” xəbər verir ki,XİN-dən bildirilib ki, nazir E.Məmmədyarov Buenos-Ayres şəhərində keçirilən Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin yüksək səviyyəli konfransına uğurlu ev sahibliyinə görə həmkarına təbrikini çatdıraraq, Azərbaycanın bu platforma çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. O, inkişaf etməkdə olan ölkələrin analoji inkişaf problemləri ilə üzləşdiyini, bu səbəbdən həmin platformanın milli inkişaf strategiyaları və prioritetlərinə dair ortaq baxışlar, təcrübə və metodların mübadiləsi və müzakirəsinə töhfə verdiyini qeyd edib.
Görüşdə, həmçinin Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin hazırkı durumu, gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparılıb. Kənd təsərrüfatı, enerji, nəqliyyat, səhiyyə və turizm sahəsində əməkdaşlıq üçün geniş perspektivlər qeyd edilərək, bu sahələrdə konkret nəticələrin əldə edilməsi baxımından birgə səylərin gücləndirilməsinə ortaq niyyət ifadə edilib.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra sosial-iqtisadi sahədə əldə etdiyi nəzərəçarpan uğurları izlədiyini bildirən X.Fori ölkəmizə səfər etmək arzusunda olduğunu bildirib.