Problemli kreditlərə görə kompensasiyaların qaytarılması və kreditlərin restruktrizasiyası ilə bağlı mexanizm artıq yekunlaşmaq üzrədir.
“Rubin.az” xəbər verir ki,bu barədə “Qafqazinfo”ya məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev verib. Onun sözlərinə görə, işlər qısa müddətdə yekunlaşdırlacaq:
“Biz konkret olaraq deməmişik ki, mexanizm martın 15-də tətbiq olunmağa başlayacaq. Ancaq işlər yekunlaşır və bir neçə günə ictimaiyyət bununla bağlı geniş məlumatlandırılacaq.
Banklar öz müştəriləri ilə əlaqə saxlayıb onları dəvət edib konpensasiyanı vətəndaşlara təqdim edəcəklər.
Kredit kalkulyatorunda olduğu kimi, bu mexanizm də bütün bankların və Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında yerləşdiriləcək və geniş şəkildə kammunikasiya olunacaq”.
Qeyd edək ki, prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmana əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bank ilə birlikdə fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməlidir. Həmin müddət sabah başa çatır.
***
Resport-un məlumatına görə, Maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib ki, hazırda kreditlərin məbləği, sayı dəqiqləşdirilir:
“Bunun əsasında da müvafiq işlər başlanacaq və normal qaydada ödənişlər həyata keçiriləcək. Maliyyələşmə ilə bağlı mexanizm praktiki olaraq hazırdır. Burada hər hansı bir problem görünmür. Maliyyə Nazirliyində qaynar xətt yaradılıb, suallara cavab verilir. Bütün əsas məsələlər artıq öz həllini tapıb”.