“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi “Regionlarda istedadlı gənclərin inkişafına dair tədbirlər” adlı layihənin icrasına start verir.
“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Sadıqova (Qələndərli) RUBİN.AZ-a bildirib ki, təşkilat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsinin qalibi qismində “Regionlarda İstedadlı uşaq və gənclərin inkişafına dair tədbirlər” layihəsinin icrasının hazırlıq mərhələsinə başlayıb. Layihəinin icrası zamanı təşkilatın üzvləri ilə birgə görüş keçirilib, görüləcək işlər barədə müzakirə aparılıb: “İstedadlı şəxslərin üzə çıxarılması və tanıtdırılması ilə bağlı dövlət siyasəti mövcuddur və adıçəkilən kateqoriyadan olan şəxslərə lazımi dəstək verilir. Lakin bununla belə istedadlı gənclərin tanıdılması ilə bağlı problemlər də mövcuddur. Sahə ilə məşğul olan ekspertlər bu problemləri qruplaşdırıb. Onlardan biri də – istedadlı uşaq və gənclərin aşkara çıxarılması üzrə və belə uşaqlarla iş sahəsində elmi-pedaqoji və psixoloji cəhətdən əsaslandırılmış ardıcıl sistemin, səmərəli fəaliyyət mexanizminin yaradılmamasıdır. Layihə çərçivəsində biz bu problemin həllinə dəstək verməyə çalışacağıq. Belə ki, istedadlı uşaqların tanıdılması ilə bağlı ardıcıl sistem quracağıq. Layihələrin davamlılığını təmin edəcəyik. Bəzi ailələrdə gizli qalan istedadları aşkarlamaq, onların asudə vaxtını səmərəli təşkilinə dəstək olmağa çalışacağıq”.
QHT sədri bildirib ki, problemin həlli üçün Regionlarda ailələrlə tanış olacayıq: “Elan etdiyimiz müsabiqəyə daha çox bu günə qədər heç bir müsabiqəyə qoşulmayan istedadlı uşaq və gənclərin qoşulmasını təmin edəcəyik. Həmin uşaqlarla davamlı əlaqədə olunacaq və hər hansı dəstək lazım olarsa könüllü müəllimlərimiz öz dəstəyini göstərəcək”.
Qeyd edək ki, Ucar, Şəki, Gədəbəydə, daha sonra Bakı şəhərində keçiriləcək müsabiqənin qalibləri Avqust ayında Bakıda keçiriləcək konsertdə mükafatlandırılacaq.