Artıq 4 ildir, bayramlarımız kimi, digər əlamətdar və kədərli günlərimizi də bir başqa ovqatda keçiririk. Bu il iki yaxın bayram – Novruzla Ramazandan (necə deyərlər) eyni məsafədə qərar tutmuş Aprel döyüşlərinin 8-ci ildönümünü qürurla, şəhidlərimizin ruhuna dərin minnətdarlıqla yad edirik.
Aprel döyüşləri Azərbaycanın işğalla qətiyyən barışmayacağının yüksək ifadəsiydi. Ancaq işğalçı dövlətin hərbi-siyasi rəhbərliyi və havadarları bunu qəbullana, idrak edə bilmədi. Əgər qarşı tərəf Aprel döyüşlərindən gərəkli nəticə çıxarmış olsaydı, işğala daha tez və itkilərsiz son qoymaq mümkün olardı.
Əlbəttə, hər bir Azərbaycan hərbçisinin həlak olması bizimçün ağır, əvəzedilməz itkidir. Lakin bizim qəhrəman oğullarımız məhz haqq işi uğurunda şəhid olub; Azərbaycan oğulları öz torpaqlarımızın azad olunması uğrunda döyüşüb – ya şəhid olub ya qazi!
Əlbəttə, biz işğalçıların itkilərinin qayğısına qalmırıq – can onların, cəhənnəm onların; ancaq beynəlxalq ictimaiyyət də, erməni xalqı, sadə ermənilər də sonrakı illərdə yaşananların məhz Ermənistanın işğalçılıq siyasətinin acı sonucu olduğunu bilməlidir. Bilməlidir ki, 44 günlük müharibədən az sonra Azərbaycanın irəli sürdüyü, Sülh Anlaşması üçün 5 bəndlik baza prinsiplərindən imtinanın doğuracağı fəsadların fərqində olsunlar.
Prezident İlham Əliyevin bu mövzuda hələ 2021-ci il iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və qazilərə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında dediyi sözləri xatırlayaq: “Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil”. – Müzəffər Ali Baş Komandan bu təklifin “yeni real vəziyyət”ə əsaslandığını vurğulamışdı. – “Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında Sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir”.
Azərbaycan Prezidenti bildirmişdi ki, delimitasiya işləri ilə bağlı beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər:
“Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.
Dövlət başçımızın sözləri – o sözlərin deyilməsindən 3 ilə yaxın vaxt keçdikdən sonra da aktualdır. Azərbaycan Prezidentinin situasiyaya necə dəqiq qiymət verdiyi, olacaqları necə zərgər həssaslığı ilə gördüyünü ötən müddətdə baş verən proseslər bir daha sübut etdi.
Sübut etdi ki, qarşımızdakı dövlətqurma və yaşatma ərkanına, mehriban qonşuluq, beynəlxalq hüquqa hörmət mədəniyyətinə yetişməyib; hətta imzaladığı sənədləri belə anındaca “unudur”. Yəqin heç təsadüfi deyil ki, məhz bu zehniyyətin (əslində, zehniyyətsizliyin) davam etməsinin nəticəsidir ki, Aprel döyüşlərinin 8-ci ildönümü ərəfəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəd boyunca cəmlənməsi, silah-sursat sövqiyyatı müşahidə olunur. Nə üçün? – Guya yük maşınları sürücüləri üçün təlim keçirmişlər. – Görəsən bu gülünc “cavab”a Ermənistanın özündəsə inan olubmu? – Sürücülərin öz yetənəklərini göstərməsi üçün yük maşınlarının artilleriya qurğuları, digər silah-sursatlarla doldurulması vacibdirmi və hansı normativin tələbidir? Bəs şərti dövlət sərhəddi boyunca yeni müşahidə qurğuları quraşdırılması da sürücülərin öz yetənəklərini nümayiş etdirmələri üçün vacib elementdirmi? Bax, 2016-cı ilin Aprel döyüşlərinədək olanlar da işğalçı ölkənin ən adi tənqidə, elementar məntiqə cavab verməyən belə addımlarından ibarət idi.
Bəli, qarşı tərəf bizi sonsuzadək davam edəsi nəticəsiz danışıqlarla oyalamağa ya da reallıqlarla barışmağa, “status-kvo”nu qəbullanmağa sövq edirdi. – “Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik, hərə öz yerində, siz media nümayəndələri kimi, mən Ali Baş Komandan kimi, xalqımızın bütün təbəqələri öz işi ilə bu Qələbəni yaxınlaşdırırdılar. Bu, ümummilli bir məsələyə çevrildi, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı. Bunu bizə unutdurmaq istəmişdilər. Müxtəlif bəhanələr altında – Ermənistanla əməkdaşlıq, insanları, cəmiyyətləri sülhə hazırlamaq üçün müxtəlif QHT-lər vasitəsilə təmasların yaradılması məhz o məqsədi güdürdü ki, Azərbaycanda yetişən gənc nəsil bu məsələdə fərqli istiqamətdə yetişsin. Bizim isə məqsədimiz o idi ki, yetişən gənc nəsil vətənpərvər olsun, heç vaxt bu ədalətsizliklə barışmasın və əgər bizə nəsib olmazsa bu tarixi ədaləti bərpa etmək, gələcək nəsillər onu etməlidirlər”. – Bu tarixi dəyərləndirmə Prezident İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədən götürülüb.
Bəs 8 il öncə nə baş vermişdi? – Bir az detallı xatırlamağa çalışaq:
Aprelin əvvəllərində işğalçı Ermənistan silahlı qüvvələri o zamankı “təmas xətti” boyunca bizim mövqelərimizi, habelə yaşayış məntəqələrimizi intensiv artilleriya atəşinə məruz qoyunca, ordumuzun müvafiq bölmələri təxribatların qarşısını güclü əks-həmlə ilə aldı. İşğalçılar pərən-pərən salındı, “keçilməz səngərlər” mifi alt-üst edildi və döyüşlər şanlı Silahlı Qüvvələrimizin qələbəsi ilə sonuclandı. Tərtərin Talış kəndi çevrəsindəki yüksəkliklər, Cəbrayılın Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboyun Gülüstan və Tərtərin Suqovuşan (keçmiş Madagiz) kəndi yönündə bəzi mövqelər düşməndən azad olundu.
Aprelin 4-ündə işğalçı ordu itirdiyi mövqeləri geri qaytarmaqçün Ağdərə-Tərtər, Xocavənd-Füzuli yönündə yenidən hücum edib, “təmas xətti”nə yaxın yaşayış məntəqələrimizi güclü atəşə tutsa da, qəhrəman döyüşçülərimizin fədakarlığı ilə onların bu cəhdi də heçə endirildi. Ardınca, düşmənin arxa cəbhədən əlavə qüvvələri döyüşə cəlb eləmək planının qarşısı qətiyyətlə alındı. Bölmələrimiz düşmənin Suqovuşanda yerləşən, strateji baxımdan önəmli hərbi qərargahına və “könüllülər”i daşıyan avtobusuna dəqiq zərbə endirdi.
Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Suqovuşan və digər yaşayış məntəqələrindən hərəkətə keçirmək istədiyi ehtiyat qüvvələri də bölmələrimizin önləyici zərbələri ilə dağıdıldı.
Düşmənin atəş nöqtələrinə, artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımızın həyata keçirdiyi zəruri tədbirlər sonucunda quzey yönündə Goranboya və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi çevrəsinin, güneydə isə Horadiz şəhəri və Cəbrayılın Arazboyu bəzi kəndlərinin düşmən təhlükəsindən qorunmasına xidmət edən Lələtəpə yüksəkliyi (və çevrəsindəki önəmli strateji ərazilər) azad edildi. Bölmələrimiz azad edilən ərazilərdə yeni mövqelər qurub, mühəndis-istehkam tədbirləri həyata keçirərək möhkəmləndi.
Döyüşlərdə düşmənin 320-dən artıq hərbçisi təsirsiz hala gətirildi, 500-dən artıq hərbi qulluqçusu isə ağır yaralandı. İşğalçıların 30-a yaxın tankı, başqa zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu, eləcə də, bir sıra hərbi bölmələri sıradan çıxarıldı. Bununla da, Ağdərə-Suqovuşan, habelə Cəbrayıl yönündəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.
Döyüşlərə Silahlı Qüvvələrimizin istər şəxsi heyətinin, istərsə hərbi texnikasının, arsenalımızda olan silahların az bir qismi cəlb olunmuşdu. – “Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər Aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”. – Bu sərrast ayarlamanı Aprel döyüşlərindən az sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev aparmışdı.
Rəsmi Bakı dəfələrlə açıqlamışdı ki, işğal faktı ilə, o zamanlarkı “status-kvo” ilə barışmayacaq və Ermənistanın təxribatlarına dözməyəcək.
Azərbaycan Ordusu düşmənə qarşı öz suveren ərazilərimizdə əməliyyat aparmışdı; ona görə də, beynəlxalq təşkilatlar, maraqlı dairələr Aprel döyüşləriylə bağlı Azərbaycan əleyhinə bir tutarlı söz deyə bilmədi. Azərbaycan hərb meydanında öz gücünü, qalibiyyətini nümayiş etdirdikdən sonra, qarşılıqlı qaydada hərbi əməliyyatların dayandırılmasına razı olaraq, məhz sülh yoluna, danışıqlar masasına üstünlük verdiyini bir daha göstərmiş oldu.
Aprel döyüşləri şanlı Azərbaycan Ordusunun gücünü, yüksək qələbə əzmini, ədalətin mütləq şəkildə bərpa olunacağını bütün dünyaya göstərdi.
Köçəryan-Sarkisyan cinayətkar rejimi (eləcə də, o vaxtlar Xankəndidə yuvalanmış qondarma rejim) “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nin nizamlanması ilə bağlı danışıqlar ərəfəsində daim cəbhədə vəziyyəti gərginləşdirir, bununla da öz xalqının fikrini yaşadıqları ictimai-siyasi, sosial-iqtisadi böhrandan yayındırmağa çalışırdı. 2018-ci ildə hakimiyyətə gələn “demokrat” Paşinyan da sələflərinin yolunu – yolsuzluğunu getməyə cəhd etdi. Belə olunca, Azərbaycan Respublikası hər nə qədər dinc yol, danışıqlar tərəfdarı olsa da, obyektiv sonuca varmaq mümkün olmurdu. Bircə yol qalırdı: məsələ hərb meydanında həll olunmalıdır və olundu da!
Aprel döyüşlərindən 4 il sonraya – Tovuz döyüşlərinə, nəhayət II Qarabağ müharibəsinə keçid etsək, bir daha gün kimi aydın olur ki, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” dondurulmuş münaqişə ola bilməzdi və o, bütün bölgə üçün ciddi təhlükə qaynağıydı.
Onu da vurğulayaq ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin prinsipial, qətiyyətli siyasəti sayəsində Ermənistan öz işğalçılıq siyasəti üzündən çox önəmli beynəlxalq iqtisadi, enerji layihələrindən qıraqda qaldı, dalana döndü. Günümüzdə baş verən proseslər, o cümlədən, aprelin 5-nə planlaşdırılan Avropa Birliyi-ABŞ-Ermənistan üçtərəfli görüşü bir anti-Azərbaycan aktı olub, bir daha sübut edir ki, Ermənistanın müstəqil siyasəti yoxdur, səadəti illa kiminsə (kimlərinsə) forpostu olmaqda görür. Keçmiş iğlaçı hələ də anlamır ki, qonşularla münasibətləri normallaşdırmaq, ədalətli sülhə imza qoymaq və əməl etmək, revanizşmdən qəti surətdə əl çəkmək gərəkdir. Yoxsa, nə qədər ömrü varsa, onu dalanda keçirəcək…
Adil ƏLİYEV,
Milli Məclis sədrinin müavini