Dünyada soyqırıma məruz qalan xalqların içərisində Azərbaycan xalqının da olması nə qədər kədərli hadisə olsa da, bu faciələr xalq olaraq bizi daha da gücləndirib.
Məsələn, bu gün beynəlxalq ictimaiyyət Ermınistanı cinayətkarlığın, soyqırımın səbəbkarı və törədicisi olaraq tanıyır. Eləcə də, faşizmin yəhudilərə qarşı həyata keçirdiyi “Holokost”a, fransızların Əlcəzairdə törətdiyi qırğınlara, Srebrenitsa faciəsinə beynəlxalq ictimaiyyət qiymət verib.
Lakin təəssüflər olsun ki, təkcə XX əsrdə dəfələrlə soyqırıma məruz qalmış Azərbaycan xalqı hələ də cinayətkarların cəzalandırılmasını gözləyir. Məhz dünya tarixinə Azərbaycanlıların soyqırımı günü olaraq düşmüş 31 mart soyqırımı da ən dəhşətli cinayətlərdən biridir. Ermənilərin törətdiyi bu cinayətlər o qədər böyük və xüsusi amansız olması ilə fərqlənir ki, hələ də bu sahədə tədqiqatlar davam edir. 1918-ci ilin martına nəzər salanda görürük ki, 30 mindən artıq soydaşımız qətlə yetirilib.
Tarixə baxmalıyıq ki, o həm də gələcəyimizə işıq salsın. Bu baxımdan bir neçə vacib məqamı xatırlamaq lazımdır. 1918-ci ilin mart – aprel aylarında “Böyük Ermənistan” xülyası quran və “Daşnaksütyun” partiyasının ideologiyası altında birləşmiş ermənilərin dinc soydaşlarımıza qarşı törətdikləri bu qırğınların misli görünməyib.
Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 1918-ci ilin 30 mart tarixindən 3 aprel tarixinədək Bakı, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə 30 mindən çox həmvətənlimizi öldürmüş, 10 mindən artıq soydaşımız didərgin düşmüşdür. Məhz azğınlaşmış bolşevik-daşnak birliyi küçələrə, evlərə hücumlar təşkil edir, kütləvi qırğınlar törədirdilər.
Daha öncədən xalqımızı tərk-silah etməklə əhalini tam müdafiəsiz qoyan daşnaklar qadın və uşaqlara qarşı xüsusilə amansız davranırdılar. Ahıl və qocaları öldürən, uşaqları küt alətlə qətlə yetirən bu 10 minlik qrupun əsas hədəfi xalqımız arasında amansız qorxu yaratmaqdan ibarət idi.
Məhz erməni daşnak-rus bolşevik qüvvələrinin xalqımıza qarşı apardığı amansız soyqırım zamanı ictimai şəxsləri və binalara da böyük ziyan vurdular. Müsəlmanların ibadət yeri olan və xalqımızın toplaşdığı “Təzə Pir” məscidinin minarəsi top atəşi ilə dağıdıldı, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırıldı. Bununla da kifayətlənməyən qüvvələr İsmailiyyə Xeyriyyə Cəmiyyətinin binasını, ХIV əsrdə tikilmiş Keyqubad məscidini dağıtdılar.
Ermənilər Bakıda törətdikləri qırğınlarla yanaşı, Şamaxı şəhərində də kütləvi qırğınlar törətdilər. Belə ki, bolşeviklər tərəfindən Bakıdan yaхşı silahlanmış top və pulemyota malik olan minlərlə əsgər dəstəsi Şamaхı qəzası istiqamətində yola salınmışdı. Onlar yolboyu müsəlman kəndlərini qarət edərək Şamaxıya çatmışlar. Stepan Şaumyanın fitvası və dəstəyi ilə hazırlanmış bu hərbi birləşmələr öz sıralarına erməniləri də cəlb edərək böyük bir qoşuna çevrilmişlər. “Şamaxının son günləri” adlı 1919-cu ilin 30 mart tarixində çap olunmuş “Azərbaycan” qəzetindəki məqalə məhz ermənilərin Şamaxıda törətdikləri qırğınların səbəblərı və bu qırğının gətirdiyi faciələr əks olunmuşdu. Belə ki, cəbhədən geri qayıtmış ermənilər özləri ilə əlavə silah gətirərək buradakı ermənilərə vermiş, Şamaxı və ətraf ərazilərdə yaşayan erməniləri silahlandırmaqla Azərbaycan xalqına qarşı kütləvi qırğın törətmişlər.
Ermənilər əvvəlcədən bu işə ciddi hazırlaşmış, hələ 1918-ci ilin əvvəlində Şamaxıya öz emissarlarını göndərərək burada yaşayan ermənilərin arasında təbliğat aparmış və əvvəlcədən öz məqsədlərinə uyğun onları hazırlamışdılar. Məhz Şamaxı əhalisinin yaşadığı bu faciənin də əsas səbəbi onların ermənilərin bu məkrli planı barəsində məlumatsız olmaları idi.
Stepan Lalayevin (Lalayan) başçılığı ilə törədilmiş bu amansız faciə zamanı 7 min nəfərin, o cümlədən 1653 qadının və 965 uşağın öldürüldüyü bildirilir. Məhz Sovet dövründə bu ağır cinayət hadisəsi ört-basdır edilməyə çalışılsa da, 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qalması təsdiqlənib.
Komissiyanın üzvü A.F.Novatski məruzəsində Şamaxı şəhərinin müsəlman əhalisinə qarşı ermənilərin törətdikləri vəhşiliklər haqqında geniş məlumat vermiş, eləcə də şəhərin darmadağın edildiyini bildirmişdir. Məhz şəhərin nüfuzlu şəxslərinin evlərinə pənah gətirmiş qadın və uşaqların olduğu evlərə soxulan ermənilər, misilsiz qırğınlar törətmişlər. Hadisə barədə tədqiqatçıların gəldiyi qənaətə əsasən, həmin vaxt Şamaxı şəhərində və onun ətraf kəndlərində 20 mindən artıq soydaşımız amansızcasına qətlə yetirilmişdir.
Quba qəzasında ermənilər tərəfindən törədilmiş soyqırım isə xüsusilə amansızlığına görə fərqlənirdi. Həmvətənlilərimizin aşkar olunmuş meyit qalıqları daşnakların həyata keçirdiyi vəhşiliyin bütün izlərini öz üzərində daşıyır. Belə ki, uşaqların və qadınların küt alətlərlə qətlə yetirilməsi, başlarına mismar vurulması və başlarının kəsilməsi kimi dəhşətli hadisə nəticəsində Quba şəhərində 2900, qəzasında isə 4000-dən artıq insan öldürülmüşdür. 2007-ci ildə Quba şəhərində stadionun tikilməsi zamanı 500-dən artıq həmvətənlimizin sümukləri tapılmış, onların 150-dən çoxunun qadın və uşaqlara aid olması müəyyən edilmişdir.
Təəssüf ki, baş vermiş bu soyqırım zamanla unutdurulmağa cəhd göstərilib, imperialistlər hadisəyə aid sənədləri məhv etməyə çalışıblar.
Ulu Öndər Heydər Əliyev xalqımızın yaşadığı bütün faciələrə, eləcə də 31 mart soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verdi. Ümummilli Liderin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edildi. Sözügedən Fərmanda qeyd edilir ki, 1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlanmışdır. Minlərlə dinc azərbaycanlı əhalisi yalnız milli mənsubiyyətinə görə məhv edilib, evlərə od vurulub, insanlar diri-diri yandırılıb. Ermənilər tərəfindən memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdılıb, Bakının böyük bir hissəsi xarabalığa çevrilib. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib.
Məhz Ulu Öndər tərəfindən sözügedən fərman imzalandıqdan sonra soyqırım cinayətləri 80 ildən sonra təkrar araşdırılmağa, xalqımızın üzləşdiyi bu hadisəyə beynəlxalq ictimaiyyətin qiymət verməsi üçün səylər artmağa başladı.
Nəticə etibarı ilə dünya ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımın yalnız Xocalı ilə kifayətlənmədiyinin, eləcə də uzun illər nifrət və qəddarlığı yaşatmalarının və 1918-ci ildə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımının şahidi oldular.
Eləcə də, 2007-ci ildə Quba şəhərində soyqırım qurbanlarının məzarları tapıldıqdan sonra Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verildi və 2013-cü ildə kompleksin açılışı oldu. Eyni zamanda, dövlət başçısı tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalandı, soyqırım hadisəsini yad etmək, həqiqətlərimizi beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ölkə daxilində və xaricində bir sıra tədbirlər keçirildi.
2020-ci ilin 27 sentyabrında başlanmış və 44 gün davam edən Zəfər yürüşümüzlə, eləcə də 2023-cü ilin 19 sentyabr tarixində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı bütün şəhidlərimizin, eləcə də soyqırım qurbanlarının qisası alındı. Beynəlxalq ictimaiyyət bir daha ermənilərin törətdiyi bu vəhşiliklərə qiymət verməli və gələcəkdə belə halların baş verməməsi üçün bütün imkanlarını səfərbər etməlidir.
Adil Əliyev,
Vitse-spiker