Xalqımızın milli adət-ənənələrinin ayrılmaz parçası olan Novruz mədəni irsimizdə, milli mədəniyyətimizdə barış, xeyirxahlıq, mehriban qonşuluq və digər müsbət məziyyətlərlə süslənmiş sevimli bayramımızdır. Ümumbəşəri dəyərlərə sadiqliyin, o cümlədən tolerantlığın, multikulturalizmin tarixi təcəssümü, çoxçalarlı incəsənətimizin və bütün pozitivlərin aynası olan Novruz, ayrıcı deyil, birləşdirici bayramdır.
Ulu Öndər Heydər Əliyev 24 il öncə – 2000-ci il martın 21-də Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdi: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. – Milli adət-ənənəmizə görə Novruz bayramında küsülülər barışır, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açır, eləcə də, yazın gəlişi ilə torpağın əkib-becərilməsi başlayır. Dədəm Qorqudun öyüdündə deyildiyi kimi: “Torpağı əkib-becərməsən qorumağına, qorumasan, əkib-becərməyinə dəyməz”.
Novruz bayramı həmişə bizimçün əziz olub, onun məna-mahiyyəti heç zaman unudulmayıb; lakin son onilliklər boyu müstəqilliyimizin yaşına bərabər olan torpaqlarımızın işğal tarixləri bizi ağır kədərə düçar edirdi, bayramları əsl bayram dadında keçirə bilmirdik. 2020-ci ilədək, bir-birimizə adətən “inşallah növbəti bayramlarımızı Şuşada, Kəlbəcərdə, Laçında, Xocalıda… keçirək”, “Xankəndidə tonqal qalayaq!” diləklərimizi yetirərdik. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Hadrut (Ağoğlan), Talış, Suqovuşan… digər şəhər və kəndlərimiz II Qarabağ müharibəsindən sonra bayramlaşdığımız, tonqal qaladığımız, əkib-becərdiyimiz və hər dəfəsində şəhidlərimizi dərin ehtiramla yad etdiyimiz şəhər və kəndlərimizdir. Ötən ilin sentyabrındakı lokal antitteror tədbirlərindən sonra isə Qarabağın hər bir şəhəri, kəndi öz bayrağımız altına keçdi! Novruz bayramlarında, ümumən hər dua məqamında, günündə, ünvanında etdiyimiz diləklər həyata keçdi! Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu ilin bayram tonqalını Xankəndidə alovlandırması və bayram tonqalı önündə xalqımızı Novruz bayramı münasibətilə təbrik edərkən verdiyi ismarıclar əzab-əziyyətlərin, fəlakətlərin son bulmasının, yeni fəslin başlanmasının rəmzi oldu! – “Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.
Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək”.
Bu il fevralın 7-də Prezidentin səsvermə üçün Xankəndidəki seçki məntəqəsini seçrək verdiyi səs, orada qutuya atdığı bülleten “erməni separatçılarının tabutuna vurulan son mismar” olduğu kimi, Xankəndidə qalanan tonqal da, sadəcə bir Novruz tonqalı deyil, o son mismar vurulan tabutdakının olan-qalanlarının da yandırılması kimi mənalandırıla bilər. Prezidentin vurğuladığı kimi, uzun illər içində xalqımıza qarşı çirkin planlar hazırlanan, Xocalı Soyqırımının törədilməsi üçün əmrlər verilmiş bina (müəllifi Azərbaycan memarı Həsən Məcidov olan, keçmiş “Vilayət Partiya Komitəsi”nin binası) önündəki Xankəndi mərkəzi şəhər meydanı bundan sonra Zəfər meydanıdır!
Bəli, haqq çox incəlsə də, üzülmədi!
Yenə Ulu Öndərin sözləri yada düşür: “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik”! – Ulu Öndər bu inamlı sözləri 21 mart 1996-cı ildə Gənclər Meydanında – Qoşa Qala qapısı önündə Novruz şənliyindəki çıxışında demişdi.
“Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər”. – Bu sözlərsə Prezident İlham Əliyevin Ulu Öndərin 100 illik əlamətdar yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına 10 may 2023-cü il tarixli müraciətindəndir. Müzəffər Ali Baş Komandanın 2023-cü ildə alınmaz qalada dediyi bu qürurverici sözlər, Ulu Öndərin 1996-cı ildə Gənclər Meydanında Qoşa Qala divarları önündə dediyi inamlı sözlərə vəfadarlıqla verilmiş cavabdır, Heydər Əliyev irsinin təntənəsidir!
Bəli, 2020-ci ildən bəri yazlarımız bir başqa, Novruzumuz, bayramlarımız bir başqadır. Bu ilki Novruz, bu yaz isə, daha üstün, daha gözəldir. Şair demiş:
“Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha məsud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır”! (Mikayıl Müşfiq).
Təbiətin özündə, insan təbiətində dörd ünsür haqqında yazılanlar, deyilənlər və inandıqlarımız bəllidir; müxtəlif əməli fəaliyyət sahələri üzrə fərqləndirilən dördlüklər dəyişsə də, ali məram dəyişmir: xeyirxahlıq, insanlıq, “yaradılanı Yaradandan ötrü sevmək”, bir sözlə, Tanrıya xoş gedən əməllər və kainatın idrakı… – Əqli-rasional, kamillık zirvəsinə mənəvi yüksəliş mərhələləri kimi… Novruzda bayram süfrəsinin səməni mərkəzli xonçası kimi: səməninin çevrəsinə milli şirniyyatlarımız olan paxlava – Yer kürəsinin 4 əsas yönünü, qoğal – Günəşi, şəkərbura – Ayı, rənglənmiş yumurta – həyatı simvolizə etdiyi kimi. – Novruz bayramı ilə bağlantılı olan başqa ünlü adətlərimiz də müdrik xalqımızın tarixini, zəngin folklorumuzu, fəlsəfə və ruhumuzu şəkilləndirir. Və əlbəttə, daha bir “dördlüy”ü unutmuruq: su, od, yel, torpaq! – Əcdadımız Novruz bayramı öncəsi son dörd çərşənbəni də mənalandırıb. İlk çərşənbə – Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, qarın-buzun əriyərək çaya qarışdığı vaxtı ifadə edir; ikinci çərşənbə – Od çərşənbəsindən etibarən Günəş torpağı daha çox qızdırmağa başlayır; üçüncü – Yel çərşənbəsindən etibarənsə bəzi ağaclarda tozlanma başlayır; nəhayət, dördüncü – ilaxır çərşənbə Torpaq çərşənbəsi adlanır. Torpaq sözünün xalqımızın mental dəyərlərində necə dərin izə malik olduğu aydındır. “Torpaq haqqı”, “Torpaqdan pay olmaz”, “Torpaqda izi olmayanın, süfrədə üzü olmaz” və s…
Necə deyərlər, Novruzun gözəlliklərini, əcdadın öyüdlərini Qarabağa daşıdığımız – insanlığı, mədəniyyəti qaytardığımız torpaqlarımızda mədəni həyatı bərpa etdiyimiz kimi, Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması da dövlətimizin önəm verdiyi məsələlərdən olub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO-nun “Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısı”na daxil edilib. 2009-cu il sentyabrın 28-dən oktyabrın 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin IV Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun “Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısı”na salınıb. Bundan 7 il sonra – 2016-cı il noyabrın 28-dən dekabrın 2-dək Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin XI sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Ayrıca, BMT Baş Assambleyasının 64-cü sessiyasının 2010-cu il fevralın 23-də keçirilən iclasında 21 mart “Beynəlxalq Novruz Günü” elan olunub. Bu beynəlxalq səviyyəli qərarlar bir daha göstərir ki, Novruz milli olduğu qədər də ümumbəşəri hadisədir, o insanlığın mənəvi dəyəri hesab edilir.
Beləliklə, barışıq, xeyirxahlıq, dostluq, yardımlaşmaq – bir sözlə, yüksək mənəviyyat bayramı olan Novruzda küsülülər barışır, ziddiyyətlər aradan götürülür, insanlar kin-küdurəti unudur. Milli həmrəyliyi, sarsılmaz dövlət-xalq birliyini ən yüksək səviyyədə nümayiş etdirərək tarixi Zəfərə imza atmış ölkəmiz bu ilki Novruzu öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmənin sevinci, qüruri içində keçirir. Bu əziz bayram günündə şəhidlərimizi dərin sayğılarla anır, qazilərimizə möhkəm cansağlığı diləyir, şəhid analarının əlindən öpür, bayrağımıza əbədi ucalıq diləyirik!
Bayramınız mübarək olsun!
Adil ƏLİYEV,
Milli Məclisin sədr müavini