Müasir dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan iki dövlət tapmaq mümkün deyil. Eyni tarix, eyni soy-kök, eyni dinin və dilin daşıyıcısı olan xalqımız arasındakı çoxəsrlik dostluq münasibətləri hər iki dövlətin Prezidentlərinin səyi ilə müttəffiqlik münasibətlərinə qədər yüksəlib. Ölkələrimiz arasındakı münasibətlər tarixən heç zaman bir-birinə bu qədər yaxın olmayıb, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı bu gün dünyaya dostluğumuzu göstərir.
Məhz belə yaxın münasibətləri olan iki dövlətin bir-birlərinin uğurlarını öz uğurları kimi qiymətləndirməsi və dostluq münasibətlərinə verdiyi töhfə xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Təbii ki, bu münasibətlərə həsəd aparan qüvvələrin sayı da az deyil. Azərbaycan və Türkiyənin güclənməsini və bir-birinə vediyi yüksək dəstəyi hələ də qəbul edə bilməyən, dövlətlərimizin qüdrətlənməsini istəməyən qüvvələr qalmaqdadır.
2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Zəfər yürüşümüz zamanı qardaş ölkənin verdiyi mənəvi dəstək misilsiz idi. Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində Türkiyənin müharibənin ilk illərindən göstərdiyi ədalətli mövqe Azərbaycan xalqının yaddaşlarında əbədi qalacaqdır. Belə ki, müharibəyə Ermənistan tərəfindən daxil olmaq istəyən, düşmənə açıq-aşkar dəstək verən güclər qardaş Türkiyənin sərt mövqeyini hiss edərək bu yanaşmadan çəkindilər. Bizə ən böyük mənəvi dəstəyi verən, haqq-səsimizi dünyaya çatdırılmasında bütün imkanlarını səfərbər etmiş qardaş ölkəyə hər zaman ədalətli mövqeyinə görə minnətdar olacağıq.
Türkiyənin müharibə və post müharibə dövründə nümayiş etdirdiyi mövqe hər kəsə aydındır, çünki qardaş ölkə bu gün yerləşdiyi regionun deyil, dünyada söz sahibi olan ölkələrdən biridir. Eləcə də, regiondakı sabitliyin, sülhün qarantıdır, ölkəmizlə müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin isə xüsusi əhəmiyyəti var.
Bu gün ölkəmiz qardaş Türkiyə üzərindən Avropaya qaz ixrac edir, bu həm iqtisadi baxımından rentabellidir, həm də Avropanın qaz təchizatçısı kimi ölkəmizin nüfuzuna xüsusi önəm qatır. Məhz artan ticarət dövriyəsi, qurulan logistik əlaqələr yüklərin daşınmasında rolumuzu ön plana çıxarır.
2024-cü ilin 7 fevral tarixində Prezident İlham Əliyevin xalqının yekdil iradəsi əsasında yenidən dövlət başçısı seçilməsindən dərhal sonra ilk rəsmi səfəri də məhz qardaş ölkəyə oldu, belə əlamətdar səfər münasibətlərimizə verilmiş yüksək dəyərin bariz nümunəsidir.
Qarşılıqlı müsbət təcrübələrdən yararlanmaq olduqca mühümdür, dövlət başçısının çıxışında Türkiyənin ordu modelinin ölkəmizdə tətbiq olunması ilə bağlı qeyd etdiyi məqam xüsusilə aktualdır. Belə ki, İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı ordumuz tərəfindən yüksək peşəkalıqla icra edilmiş hərbi əməliyyatlar qəhrəmanlarımızın şücaəti ilə birlikdə bu modelin uğurlu olmasını bir daha nümayiş etdirdi.
Səfər zamanı hər iki dövlətin rəhbərinin mətbuata birgə açıqlaması, görüş zamanı imzalanan sənədlər dövlətlərimizin qüdrətlənməsinə, mənafeylərinə xidmət edəcək. Türkiyə – Azərbaycan birgə ali təhsil müəssisəsinin qurulması barədə imzalanması barədə Sazişin xüsusilə mühüm əhəmiyyəti var.
Türkiyənin təhsil sahəsində zəngin təcrübəsindən ölkəmizin istifadə etməsinə xüsusilə yardımçı olacaq Universitet dostluğumuzun növbəti rəmzidir. Xüsusilə də gələcək nəslin vahid dəyərlər ətrafında birləşməsində, milli soy kökümüzə bağlı yetişməsində və yad təsirlərdən kənarda qalmasında mühüm rol oynamaqla bərabər, müasir elmin imkanlarından istifadə etməyimizə töhfə verəcək.
Gələcək nəslin ölkəmizi sevdiyi kimi qardaş Türkiyəyə də hər zaman məhəbbət ruhunda yetişməsi olduqca vacibdir. Bizə hər zaman dəstək verən, bu gün belə Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimizə qarşı həyata keçirilən diskriminasiyanı ilk pisləyən ölkə məhz Türkiyədir. Haqq-ədalət öz yerini tapmayana, yəni Azərbaycan nümayəndə heyətinə qarşı qərəzli münasibətə son qoyulmayana qədər qardaş ölkə öz etirazını səsləndirəcək və dəstəyini nümayiş etdirəcək.
Adil Əliyev, Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri