Prezident İlham Əliyevın Bakıda “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına göndərdiyi təbrik məktubunda əhəmiyyətli məsələlərə toxunulub. Məktubdakı bəndlər o qədər əhəmiyyətlidir ki, onları bir daha xatırlatmaqda fayda var.
Bu barədə Milli Məclis sədrinin müavini Adil Əliyev açıqlamasında bildirib.
O qeyd edib: “Birincisi, müxtəlif qitələri təmsil edən və ədalət uğrunda mübarizə aparan 14 ölkə təmsilçisinin Bakıya toplaşaraq kolonializm siyasətini pisləməsi onun aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması Azərbaycanın Fransaya tutarlı cavabıdır. Çünki Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, separatizmə son qoyması Fransadakı dairələrin xoşuna gəlməyib və rəsmi Paris ölkəmizə qarşı saxta ittihamlar irəli sürməkdə davam edir. Biz bunu İkinci Qarabağ müharibəsindən bəri müşahidə edirik. Bizə qarşı ədalətsiz yanaşma ortaya qoyan rəsmi Paris yaxşı olardı ki, güzgüyə baxsın və Bakı konfransında Fransanın müxtəlif xalqlara hansı zülmləri yaşatdığını söyləyən şahidlərin ifadələrini dinləsin. Fransa XXI əsrdə hələ də kolonial siyasət həyata keçirir.
İkincisi, Prezident İlham Əliyevin məktubunda deyildiyi kimi, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi qəbul edərkən prioritetləri və fəaliyyəti tarixi Bandunq Prinsipləri üzərində qurub. Bandunq Konfransı zamanı müzakirə edilən məsələlərdən biri isə kolonializmə qarşı mübarizədir. Tarixin ironiyasına baxın ki, Azərbaycana dərs keçmək istəyən Fransa kiçik xalqları istismar etməklə yanaşı, BMT-nin Nizamnaməsinə zidd siyasət həyata keçirir. Buna görə də Azərbaycan kolonializmə qarşı mübarizədə ön sıralarda qərar tutub. Azərbaycan Fransadan fərqli olaraq, beynəlxalq hüquqa hörmət edir.
Üçüncüsü, dövlətimizin başçısı kolonial siyasət yürüdən əsas ölkənin adını qətiyyətlə çəkib: Fransa. “Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir”, – deyə vurğulayan Azərbaycan Prezidenti bu ölkənin Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında sərvətləri talan etdiyini bir daha xatırladıb. Fransa talançılıqla yanaşı, yüz minlərlə dinc insanı da soyqırımına məruz qoyub.
Dördüncüsü, Fransanın 30 il Polineziyada 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilməsi də bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Çünki nüvə sınaqlarının ağır fəsadları həmin ölkələrdə yanşayan xalqların həyatına mənfi təsir edib. Əlcəzair Fransa işğalının və zülmünün bütün üzünü görüb. Fransa Əlcəzairdə 1,5 milyon insanı qətlə yetirib. Fransanın zülmü və qətliamları ilə Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları kimi dövlətlər də üzləşiblər. Yaxın tarixdə ən böyük soyqırımı Ruandada törədilib, 1994-cü ildə bu ölkədə tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. Bu qətliamda da Fransanın izi var.
Beşincisi, Fransa hədəf seçdiyi xalqlara və dövlətlərə qarşı dünyada ən çox minadan istifadə etmiş ölkələrdən biridir. Azərbaycan da erməni separatizminin mövcud olduğu illərdən bəri adıçəkilən bəladan əziyyət çəkir. İkinci Qarabağ müharibəsindən sonra yüzlərlə vətəndaşımız mina partlayışlarının qurbanı olub. Minaları torpaqlarımızdan təmizləmək üçün uzun illərə ehtiyacımız var. Beynəlxalq aləmdə ədalətdən dəm vuran Fransa rəsmiləri və diplomatları mina qurbanları haqqında danışmaqdan yayınır, çünki özü və dəstək verdiyi erməni separatçıları mina basdırmaqda ustadırlar.
Beləliklə, Fransa Azərbaycana “dərs” keçəcək sonuncu ölkədir. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürülüb, torpaqlarımız işğal olunub, xalqımıza qarşı qətliamlar törədilib. Fransa isə ədalət mövqe ortaya qoymaq əvəzinə, hər zaman zülmkarın, işğalçının və qatilin arxasında dayanaraq Azərbaycana təzyiq etməyə çalışıb. Fransa özünü Avropanın aparıcı dövləti saysa da, Azərbaycanla bacarmayıb və bacarmayacaq. Çünki biz haqlıyıq, ədalətə arxalanırıq!
AZƏRTATC