Ötən gün Milli Məclisin 2023-cü il payız sessiyasında ilk plenar iclası keçirildi.
RUBİN.AZ xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Milli Məclisin sədri xatırladıb ki, sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Nəticədə Azərbaycan ərazisində qanunsuz qalan Ermənistan silahlı birləşmələri və terrorçu qruplar darmadağın edilib, Ermənistanın dəstəyi ilə yaradılan kriminal xunta rejiminin fəaliyyətinə son qoyulub. Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilib. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olub. Spiker xalqımıza yeni böyük qələbə sevincini yaşadan Prezidentimiz və müzəffər sərkərdəmiz İlham Əliyevə, qəhrəman əsgər və zabitlərimizə bir daha sonsuz minnətdarlıq ifadə edib. O, əlavə edib ki, təəssüf ki, müharibə itkisiz olmur. Spikerin təklifi ilə antiterror tədbirləri zamanı, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində, digər döyüş əməliyyatlarında Vətən və xalq yolunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilib. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm can sağlığı, yaralı hərbçilərimizə isə şəfa diləkləri bildirilib. Milli Məclisin sədri Qarabağda həyatın normal axarına qayıtması, erməni milliyyətli sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün görülən tədbirlərin də uğurla başa çatacağına əminliyini bildirib. O, deyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması perspektivi indi daha realdır və Cənubi Qafqazda sabitliyin bərqərar ediləcəyi gün uzaqda deyil. Azərbaycan dövləti buna çalışır və biz qarşı tərəfdən də eyni yanaşmanı gözləyirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində söylədiyi bu sözlər, düşünürəm ki, hər bir azərbaycanlının fikrini ifadə edir: “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin.
… Bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”