Ölkəmizin xarici dövlətlərlə münasibətlərinin inkişafı, istər ikitərəfli əlaqələr kontekstində, istərsə də beynəlxalq təşkilatlarda artan rolu əməkdaşlığımızı genişləndirməklə bərabər, Azərbaycanın dünyada önəmini də ön plana çıxarır. Azərbaycanın bu gün Şərqdən Qərbə uzanan nəqliyyat-kommunikasiya xətləri, bu coğrafiyada yerləşən ölkələrlə qurduğu sıx münasibətlər, artan ticarət dövriyyəsi, tranzit xətlər, iqtisadi əlaqələr onun rolunu müstəsna dərəcədə artırır. Təsadüfi deyil ki, Azərbaycanla ticarət əlaqələrini, əməkdaşlığı davam etdirmək məqsədilə bir çox ölkələr öz imkanlarını səfərbər edir, müxtəlif sahələrə investisiya yatırırlar. Belə olan halda isə uğurlarımız qaçılmazdır. Prezident İlham Əliyevin müxtəlif ölkələrə çoxsaylı səfərləri, imzalanan sənədlər siyasi, diplomatik münasibətlərlə yanaşı, iqtisadi əməkdaşlığa da xüsusi töhfə verməkdədir. Məhz dünən dövlətimizin başçısının yenidən Mərkəzi Asiyaya səfəri, iştirak etdiyi beynəlxalq tədbir həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edir.
Tranzit-logistika imkanlarının beynəlxalq əməkdaşlıqda önəmi
Azərbaycanın tranzit daşımalardakı önəmi, Şərqi Qərbə bağlayan əsas yol olması, artan ticarət dövriyyəsi ölkələrarası münasibətlərin dərinləşməsinə öz töhfəsini verir. Mərkəzi Asiya xalqları ilə ortaq tarixə, mədəniyyətə əsaslanan çoxəsrlik münasibətlər, dövlətlərimiz arasındakı dostluq, əməkdaşlıq gündən-günə inkişaf edir və genişlənir. Bu gün Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün dost ölkə olmaqla yanaşı, həm də etibarlı tranzit yoludur.
Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olmaqla bərabər, yüklərin çatdırılmasında fasiləsiz xidmət ticarət əlaqələrinin inkişafını sürətləndirir. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışında Bakı gəmiqayırma zavodunda illik gəmi istehsalı portfelinin iki dəfəyə yaxın artırılması ilə bağlı söylədiyi fikirlər ölkəmizin tranzit daşımalarda artan rolunun ifadəsi idi. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun müasirləşdirilməsi və daşınan yüklərin həcminin 5 dəfəyə qədər artırılması istiqamətində aparılan genişmiqyaslı iş tranzit daşımalara töhfəsini verəcək. Mərkəzi Asiyadan yüklərin təhlükəsiz və daha qısa müddətdə Avropaya çatdırılmasının mümkünlüyü Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətini daha da artırır. Bu dəhlizin tezliklə reallaşacağı heç kəsdə şübhə doğurmur. Bunun reallaşacağı təqdirdə, yüklərin daha qısa zamanda qardaş Türkiyəyə, oradan isə Avropaya çatdırılması mümkün olacaq.
İstər Mərkəzi Asiya xalqları ilə çoxəsrlik münasibətlər, istərsə də region dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrimizin inkişafına xidmət edir. Mərkəzi Asiya ölkələri arasında artan ticarət dövriyyəsi həm Azərbaycanın, həm də bu regionun dövlətlərinin maraqlarına uyğundur. Sözügedən ölkələrin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı fəaliyyəti, beynəlxalq parlament təsisatlarında qarşılıqlı dəstək sıx münasibətlərin təzahürüdür.