Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirov vətəndaşlara təmkinli olmağı tövsiyə edib.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, o qeyd edib ki, tələsik addım atmağa ehtiyac yoxdur:
“Vətəndaşların kredit tarixçəsi mərkəzləşdirilmiş kredit reyestrində çox dəqiq şəkildə aparılır. Devalvasiyada yaranan xarici valyutada olan kreditlərin dəyər artımı ilk növbədə, vətəndaşların bu gün mövcud olan kreditlərinin əsas məbləğinin ödənilməsinə yönəldiləcək. Əgər kredtin bağlanması üçün ödənilmiş vəsait kreditin bağlanması üçün yetərli deyilsə, kreditin qalan hissəsi ucuz kredit vasitəsi ilə vətəndaş üçün daha uzun müddətə uzadılacaq. Yox, əgər kreditin ödənilmiş hissəsi devalvasiya məbləğindən daha çoxdursa, bu vətəndaş üçün kart hesabı açılaraq vətəndaşın kartına oturdulacaq. Tövsiyəmiz odur ki, vətəndaşlar evlərində rahat otursunlar.
Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla, Mərkəzi Bankla birlikdə hər bir vətəndaş üzrə həm kompensasiyanın məbləğini, həm də kompensasiya üzrə yaranacaq kredit öhdəliklərinin məbləğini , ondan artıq qalan məbləğləri adbaad hesablayacaq. Bunları Mərkəzi Banka və banklara təqdim edəcək.
Bu barədə vətəndaşlar da fərdi qaydada məlumatlandırılacaq. Vətəndaşlar bir halda banka dəvət ediləcəklər. O da əgər onların kredit qalığı qalırsa, hansı ki daha uzun müddətə, yəni 1 faiz kreditlə əvəzlənəcək, bu zaman yeni kredit müqaviləsinin imzalanması üçün vətəndaşlara bildiriş göndərilərək onlar banka dəvət olunacaq. Borclarını bağlamış vətəndaşların da kart hesablarına pulu köçürüləcək”.