Fevralın 26-da Zərdab rayonunda Xocalı qurbanlarına ucaldılan abidənin qarşısında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
“Rubin.az” xəbər verir ki, Zərdab Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilib, rayonun mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, şəhid alələriilə görüşlər təşkil olunub.
Zərdab şəhər İcra hakimiyyətinin başçısı Lütvəli Babayev, hüquq mühafizə orqanlarının, təşkilat və idarələrin rəhbərləri, habelə Zərdab ictimaiyyətinin nümayəndələri ümumxalq hüzn günü Xocalı soyqırımının qurbanlarının xatirəsinin anma mərasimində iştirak ediblər.
Xocalı qurbanlarına ucaldılan abidənin önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasimdə çıxış edən İcra hakimiyyətinin başçısı Lütvəli Babayev Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanılıb.
Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl iç üzü göstərilir.
Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə ölkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sayrılaraq müharibə yolu ilə toraqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyi bildirilib.
Mərasimində qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aylarla blokada şəraitində yaşayan Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə-yeksan edildi. Dinc əhaliyə amansızlıqla divan tutuldu.
Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, yüzlərlə Xocalı sakininin xəsarət aldığını və itkin düşdüyünü qeyd edən Zərdab ictimaiyyətinin nümayəndələri Xocalı faciəsinin özünün əsl hüquqi-siyasi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra aldığını və Soyqırım haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü və davamlı addımlar atıldığını bildirib.
Tədbirdə Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunub.