Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində “Ağrı gecəsi” adlı tədbir keçirilib.
“Rubin.az”Azxeber.com-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı Leyla Əliyeva, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və gənclər iştirak edib.
Xocalı soyqırımı haqqında məqamların yer aldığı tədbirdə tanınmış jurnalist Arye Qutun müəllifi olduğu “Ağrı gecəsi” adlı kitabı təqdim olunub. Mərasimdə çıxış edən Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, Xocalı soyqırımı soydaşlarımıza qarşı törədilən bəşəri cinayətdir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərini zəbt edərək, orada yaşayan dinc soydaşlarımıza divan tutublar. Bu soyqırım nəticəsində 613 dinc sakin həyatını itirib ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. 150 nəfərin itkin düşdüyü soyqırım bəşəriyyətin ən qəddar cinayətlərindəndir”.
Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov qeyd edib ki, Xocalı soyqırımı tarixi qan yaddaşımızdır: “Xocalıda dinc soydaşlarımıza qarşı misli görünməmiş vəhşiliyə imza atılıb. Yüzlərlə soydaşımız erməni silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilib. Biz bu terror aktını beynəlxalq aləmdə təbliğ etməli və bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik”.
Xocalı şahidlərinin çıxışları ilə davam edən tədbirdə “Ağrı gecəsi” adlı kompazisiya və Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən rəsm sərgisi iştirakçılara təqdim olunub.