İyulun 14-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin 2023-cü il növbədənkənar sessiyasının sonuncu iclası keçirilib.
RUBİN.AZ xəbər verir ki, İclasda cari məsələlərin müzakirəsi olub. Millət vəkilləri müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyini böyük bir dövrün başlanğıcı kimi dəyərləndiriblər. 1969–1982-ci illərdə onun respublika rəhbəri kimi siyasi fəaliyyətinin gələcək müstəqilliyin təməllərinin atılmasında və xalqın özünə qayıdışında, milli oyanışında müstəsna əhəmiyyətini vurğulayan deputatlar Ulu Öndərin dahiyanə idarəçilik qabiliyyəti, strateji təfəkkürü və uzaqgörənliyi sayəsində ölkəmizin heyrətamiz inkişaf yolu keçməsindən danışıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə müzakirə olunan mövzulara toxunan deputatlar cənab Prezidentin müşavirədə Azərbaycanın iqtisadi gücünün və hərbi qüdrətinin artırılması, nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi, Qarabağın və Şərqi Zəngəzurun bərpası, Böyük qayıdışın təmini və digər məsələlərlə bağlı mesajlarını yüksək qiymətləndiriblər. Vurğulanıb ki, ötən 6 ayda ölkəmizin sosial-iqtisadi göstəriciləri, əldə olunan nailiyyətlər Azərbaycanda dayanıqlı inkişafın davam etdiyini, ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə tam müstəqil siyasi xətt tutaraq qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədiyini göstərir.