Şiddətli yağışlar çay daşqınlarına və torpaq sürüşmələrinə səbəb olduğu üçün Yaponiyanın cənub-qərbində ən azı bir nəfər ölüb və daha 180 min nəfərin təxliyə edilməsi tövsiyə olunub.
APA xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Fukuoka və Oita prefekturalarında Yaponiya Meteorologiya Bürosu maksimum beşinci səviyyəli təhlükə xəbərdarlığını tətbiq edib. Bir neçə rayon sakinlərindən təcili olaraq təhlükəsiz yerlərə təxliyə olunmaları xahiş olunur.
Cənub-qərbdəki Kyuşu adasında, eləcə də Fukuoka ilə Xirosima arasındakı xətdə güclü yağışlar səbəbindən Şinkansen ekspress qatarlarının hərəkəti dayandırılıb.
Meteoroloqların məlumatına görə, Fukuoka, Oita və Saqa prefekturalarının bəzi ərazilərində yağıntının sürəti saatda 55-92 mm arasında dəyişib. Bölgədə güclü yağışların iyulun 11-dək davam edəcəyi gözlənilir.