Ağdam şəhər 65 nömrəli köçkün tam orta məktəbi üçün Bərdə rayonu ərazisində quraşdırılan modul tipli bina istifadəyə verilib.
“Rubin.az” Azərtac-a istinadən xəbər verir ki , bu münasibətlə keçirilən mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər. Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov və təhsil şöbəsinin müdiri Mətanət Misirxanova müəllim, şagird və valideynləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar.
Bildirilib ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.
Pedaqoji kollektivin nümayəndələri və şagirdlər dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.
Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. 56 şagird yerlik məktəb 7 sinif otağı, müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir. Məktəbə su, kanalizasiya, rabitə xətləri çəkilib, istilik sistemi, telefon, internet, nəzarət kamerası quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.
Yaxın günlərdə Ağdam şəhər 85 nömrəli tam orta məktəb üçün quraşdırılan modul tipli bina da müəllim və şagirdlərin istifadəsinə veriləcək.