Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, xəbərdarlıqda deyilir:
Abşeron yarımadasında iyunun 18-i axşamdan 19-u gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, axşam və gecə saatlarında yarımadanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.
İyunun 18-i gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran rayonlarında yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
17:49
Goranboy rayonu ərazisində yağan güclü leysan yağışları nəticəsində yaranan sel, rayonun Börü və Qarqucaq kəndlərində həyətyanı və əkin sahələrinə, kənddaxili yollara dolmuş, Qarqucaq kəndində körpünü qəzalı vəziyyətə salıb.
Oxu.Az xəbər verir ki, Goranboy RİH yanında Fövqəladə Hallar Komissiyası operativ olaraq, ərazidə olmuş, selin fəsadları ilə bağlı yerində monitorinqlər aparılıb.
17:13
İyunun 18-i saat 16:00-a olan məlumatına əsasən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboyda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, saat 15:13 radələrində Goranboy rayonu Böylü qəsəbəsindən sel keçib, saat 15:10 radələrində isə Ağdam rayonu Çəmənli və Sarıcalı kəndləri ərazisinə diametri 30-35 mm dolu düşüb.
Qərb küləyi Goranboyda 25 m/s, Gəncədə 24 m/s, Daşkəsəndə 23 m/s, İsmayıllıda 22m/s, Göyçayda 20 m/s, Şəmkirdə 18 m/s, Göygöldə 16 m/s-dək güclənib.
14:08
Qərb bölgəsinin dağlıq rayonlarında və Gəncə şəhərlərində hökm sürən qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib.
“Report”un Qərb bürosunun məlumatına görə, Daşkəsən, Gədəbəy, Göygöl Şəmkir rayonlarında həmçinin, Gəncə şəhərinə leysan yağışlar yağıb.
Güclü küləklə müşahidə olunan yağıntılı hava şəraiti əkin sahələrinə, meyvə ağaclarına və digər təsərrüfatlara ciddi ziyan vurub.
Ucqar kəndlərə dolu düşüb, bəzi kəndlərin ərazilərindən sel keçib.
Yaxış suları səbəbindən Gəncə şəhərinin bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.
Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.