Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Ümummilli Lider Heydər Əliyevin 100 illiyi”nə həsr edilmiş Ortaq Türk Dünyası Tarix Olimpiadasının mükafatlandırma mərasimi keçirildi.
“Heydər Əliyev İli”nə həsr olunmuş Ortaq Türk Dünyası Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimində Milli məclisin sədr müavini, millət vəkili Adil Əliyev də ilştirak edib.
“Vahid türk xalqına məxsus ortaq tarixi-mədəni dəyərlərimiz birliyimizi və vəhdətimizi qüvvətləndirir. Bu gün Türk Dövlətləri Təşkilatlarının oynadığı funksional rol Təşkilata üzv dövlətlərin hər birinin inkişafına təkan verir. Türk gəncliyi ortaq tariximizi, milli-mənəvi dəyərlərimizi öyrənməli və gələcəkdə də şanlı tariximizi yaşatmaq üçün bütün imkanlarını səfərbər etməlidirlər.”-deyə Adil Əliyev qeyd edib.
Qeyd edək ki, mərasimdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) kollektivi Ortaq Türk Dünyası Olimpiadasının iştirakçıları ilə birgə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Qonaqlar Şəhidlər xiyabanı və Türk şəhidliyini də ziyarət ediblər.
Mərasimdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, millət vəkilləri, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan respublikalarının ölkəmizdəki səfirləri, Elm və Təhsil Nazirliyinin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, şagirdlər, müəllimlər, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında “Çırpınırdın, Qara dəniz” kompozisiyası ilə başlayan tədbirdə Ortaq Türk Dünyası Olimpiadası barədə hazırlanmış videoçarx nümayiş olunub.
Daha sonra türk ölkələrini təmsil edən olimpiada iştirakçılarının və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.
Tədbir türk xalqlarının rəqsləri əsasında hazırlanmış kompozisiya ilə başa çatıb.
RUBİN.AZ