Milli Məclisin sədr müavini Adil Əliyev Qarsda bir sıra görüşlər keçiribı
Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti may ayının 23-də Türkiyənin Qars vilayətində bir sıra görüşlər keçirib.
Nümayəndə heyəti Qarsda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndər yüksək hörmət və ehtiramla yad edib.
Daha sonra Qars valisi Türker Öksüz ilə görüş keçirib. Görüş zamanı ölkələrimiz arasında olan mütəffiqlik münasibətlərdən bəhs edilib. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinin praktik təcəssümü olaraq Şuşada Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasını xatırladan sədr müavini Adil Əliyev, sözügedən sənədin 15 iyun Qurtuluş Günündə imzalanmasının xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Vitse-spiker Adil Əliyev Şuşa Bəyannaməsinin Qurtuluşumuzun məntiqi nəticəsi və əbədiliyinin daha bir zəmanəti olmasını qeyd edərək, bu sənədin Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsinə xüsusi töhfə verdiyini qeyd edib. Eləcə də, ölkələrimiz arasında münasibətlərin inkişafının təkcə siyasi sfera ilə məhdudlaşmadığını, xüsusən də iqtisadi əlaqələrimizin dərinləşməsini və müştərək layihələrimizin uğurla icra olunduğunu bildirən sədr müavini ölkələrimiz arasında olan dostluğun dünyada bənzəri olmadığını bildirib. Ziyarətə görə təşəkkürünü bildirən vali Türker Öksüz ölkələrimizin arasındakı münasibətlərin inkişafı və əlaqələrin daha da dərinləşməsi məqsədilə hər iki ölkə başçısının yüksək əməyinin olmasını qeyd edib.
Ədalət və İnkişaf Partiyasının (AK Parti) Qars il başqanlığını (təşkilatını) ziyarət edən nümayəndə heyəti il başqanı, Türkiyə Böyük Millət Məclisinin deputatı Adəm Çalkınla bərabər ölkələrimiz arasında olan dostluq münasibətlərindən, çox əsrlik qardaşlıqdan, eləcə də dövlət başçılarımızın inkişaf etdirdikləri bu münasibətlərin nəticəsində yaranmış strateji müttəfiqlikdən bəhs edib. Eləcə də, hakim partiyanın bu ayın 28-də keçiriləcək Prezident seçkilərinə hazırlıqla bağlı atdığı addımları, mövcud vəziyyəti birlikdə müzakirə ediblər. Vitse-spiker Adil Əliyev çıxışında əminlik ifadə edib ki, əziz qardaşlarımızın bu dəfə də seçkilərdə böyük iradə nümayiş etdirərək layiqli namizədi prezident seçəcəklər. Vitse-spiker Adil Əliyev həm Türkiyənin, həm də türk dünyası üçün Rəcəb Tayyib Ərdoğanın gördüyü işlərin danılmaz olduğunu qeyd etmişdir.
Qarsda yerləşən İşıqlı məscidində Əhli-beyt Alimlər Birliyininin sədri və nümayəndələri ilə daha bir görüş keçirən nümayəndə heyəti tərəfləri maraqlandıran mövzuların ətrafında geniş müzakirələr və məsləhətləşmələr apariblar. Həm Azərbaycan da həm də qardaş ölkədə dinin dövlətdən ayrı olmasını bildirən vitse-spiker, hər zaman dövlətin inanclı şəxslərə yüksək hörmət və diqqətlə yanaşmasını, dini ibadət yerlərinin tikilməsini bilirən sədr müavini, eləcə də dini inanclarından sui-istifadəyə heç bir halda imkan verilməməli olduğunu qeyd etmişdir. Ermənistan tarixi torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində, həmin ərazidə yerləşən 67 məsciddən 65-ni dağıtmış və müqəddəs yerlərdən tövlə kimi istifadə etməsini bildirən vitse-spiker, bu vandallıq aktının nəinki Azərbaycanın, eləcə də bütün müsəlman dövlətlərinə və İslam dininə hörmətsizlik olmasını, lakin, bu gün sözdə özlərini müsəlman adlandıran bəzi dövlətlərin buna göz yummasından və Ermənistanın yanında olmasından təəssüfləndiyini bildirmişdir.
Nümayəndə heyətinin görüşləri bu gün də davam edir. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı Cəbi Quliyev, Naxçıvan Ali Məclisinin deputatı Hüseyn Bağırsoylu, şəhid, Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin atası Asəm İbrahimov və qazi Oruc Salmanov daxildir.