Milli Məclisin sədr müavini Adil Əliyev Pakistanda keçirilən beynəlxalq konfransda “Dəyişən dünyada konstitusiyalar – sabitliyin və uyğunluğun balanslaşdırılması” mövzusunda çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Adil Əliyev Pakistan Konstitusiyasının 50 illiyi ilə əlaqədar Milli Assambleyada təşkil edilmiş konfransda çıxışı zamanı Konstitusiyanın əsas mahiyyətinin insan hüquq və azadlıqlarını, dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaq olduğunu qeyd edib.
O, bu il 10 may tarixinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsindən, Ümummilli Liderin təşəbbüsü ilə müstəqil Azərbaycanın müasir Konstitusiyasının qəbulundan və onun bu prosesə verdiyi möhtəşəm töhfələrdən danışıb. Adil Əliyev Konstitusiyamızın 7-ci maddəsində Azərbaycanda qanunverici, icraedici və məhkəmə hakimiyyətləri bölgüsünün əksini tapdığını vurğulayaraq, Ali Qanunun I bölməsinin sırf insan hüquq və azadlıqlarına həsr edildiyini söyləyib.
Konstitusiyalarda nəzərdə tutulmuş normaların bəzi hallarda xarici dövlətlər tərəfindən kobud şəkildə pozulduğunu qeyd edən Milli Məclis sədrinin müavini Ermənistanın 30 il ərzində tarixi Azərbaycan torpaqlarını işğal altında saxlamasını buna nümunə olaraq göstərib. Bildirib ki, işğal dövründə 1 milyondan artıq Azərbaycan vətəndaşı evlərindən qovulub, 30 il məcburi köçkün kimi yaşamağa məcbur olub. Ermənistanın Azərbaycan ərazilərini işğalı faktı ölkəmizin suverenliyi, ərazi bütövlüyü ilə bərabər, həm də vətəndaşlarımızın yaşamaq, mülkiyyət, özlərinə sərbəst yaşayış yeri seçmək kimi təməl hüquqlarını kobud şəkildə pozduğunu bildirərək, 30 il müddətində Azərbaycan vətəndaşlarının bu hüquqlarından məhrum edildiyini diqqətə çatdırıb.
A.Əliyev 2020-ci ildə Azərbaycanın qazandığı tarixi Qələbə ilə həm BMT-nin qətnamələrinin icra edildiyini, həm də ölkəmizin beynəlxalq hüquqda və öz Konstitusiyasında nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının, ərazi bütövlüyünün və suverenliyinin bərpa edildiyini vurğulayıb.
Baş verən müharibələr və digər fəlakətlər fonunda insan hüquq və azadlıqlarının təmin olunmasında yaşanan çətinliklərdən birinin məhz pandemiya və digər qlobal hadisələr olduğunu deyən Adil Əliyev son üç ildə bütün dünyanı əhatə edən COVID-19 pandemiyasının qlobal proseslərə, həmçinin insan hüquq və azadlıqlarının təminatına təsirindən danışıb.