“Allah hamıya ömür versin ki, nəticələri ilə vaxt keçirə bilsin. Hazırda nəticələrim ilə oynayıram və onları bir həftə görməyəndə darıxıram”.
“Rubin.az” xəbər verir ki, bu sözləri Azxəbər.com-a açıqlamasında sabiq Baş nazir Artur Rasizadə söyləyib.
O bildirib ki, vaxtının çoxunu mütaliə etmək və ailəsi ilə birgə keçirir:
“Şükür Allaha ki, hər şey qaydasındadır. Vaxtımın çoxunu dünyada gedən prosesləri izləməklə keçirirəm. Bundan başqa, köhnə əsərləri oxuyuram və vaxtaşırı olaraq klassik musiqilər dinləyirəm.
Artur Rasizadə nəticələri haqqında da danışıb: “Zaman elə gətirdi ki, işlərimlə bağlı olaraq nəvələrimə çox vaxt ayıra bilmədim. Çalışıram ki, yerdə qalan ömrümü nəticələrimə həsr edim. Nəvələrim artıq böyükdür, mən bütün günümü nəticələrimə həsr edirəm. O gün olsun hamı üçün olsun! Onlarla birlikdə vaxt keçirmək mənim üçün ən böyük istirahətdir. Onları bir neçə gün görməyəndə çox pis oluram, görürəm ki, dəyişiblər, böyüyüblər”.
Artur Rəsizadə zəngə görə də minnətdarlıq edib: “Siz sağolun ki, mənimlə maraqlandınız. İki gün öncə dedim ki, görəsən nə əcəb jurnalistlər mənimlə maraqlanmır, niyə məni axtarmır? Bu zəng məni çox sevindirdi, çox maraqlı gəldi. Allah hər birinizi qorusun, hamıdan çox razıyam”.
Xatırladaq ki, Artur Rasizadə uzun müddət yüksək vəzifələrdə çalışıb. 1996-2017-ci illərdə arada qısa fasilə olmaqla Azərbaycan Respublikasının Baş naziri işləyib.