Tanınmış veteran velosipedçi, qazaxıstanlı Olimpiya çempionu Aleksandr Vinokurov “Formula 1” Azərbaycan Qran-Prisini izləmək üçün ölkəmizə gəlib. Azərbaycan Velosiped Federasiyasının (AVF) rəsmiləri və milli yığma komandamızın üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Olimpiya çempionunu qarşılayıblar.
Federasiyadan bildiriblər ki, A.Vinokurov göstərilən diqqətə görə AVF rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycanda keçiriləcək “Formula 1” yarışını böyük həyəcanla gözlədiyini qeyd edib:
“Ferrari” komandasının pilotu Şarl Leklerə azarkeşlik edirəm. Buraya onu dəstəkləmək üçün gəlmişəm. Mən Monakoda yaşayıram. Orada da “Formula 1” yarışı keçirilir. Bilirəm ki, şəhər traslarında “Formula 1″ yarışını təşkil etmək çox çətindir. Azərbaycan isə bunun öhdəsindən peşəkarlıqla gəlir”.
Qırx doqquz yaşlı qonaq ölkəmizdə olmaqdan böyük məmnunluq hissi keçirdiyini, Azərbaycanda qonaqpərvərliklə qarşılandığını vurğulayıb:
“Mən ilk dəfə deyil Azərbaycana gəlirəm. Bundan sonra da ölkənizə gələcəyəm. Burada AVF prezidenti ilə görüşmək və Azərbaycanda velosiped idmanının daha da inkişafı istiqamətində birgə əməkdaşlıq barədə müzakirələr aparmaq istəyirəm”.
Olimpiya çempionu AFV rəsmiləri və idmançılarla səmimi söhbət edib, xatirə şəkli çəkdirib.
Qeyd edək ki, A.Vinokurov 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında şose velosipedinin qrup ötüşməsi növündə gümüş, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında isə həmin növdə qızıl medal qazanıb. O, bir çox mötəbər velosiped yarışlarının qalibi, iki dəfə dünya çempionatının bürünc mükafatının sahibi olub.