Aprelin 25-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyətinin aprelin 18-dən 20-dək Polşa Respublikasında rəsmi səfərdə olması və fəaliyyəti qeyd edilib. Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Çıxışlarda millət vəkilləri aprelin 23-də Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis olunması təqdir edilib. Deputatlar ölkəmizdə, xüsusən Qarabağ iqtisadi regionunda böyük layihələrin həyata keçirildiyini, beynəlxalq arenada dövlətimizin sülh müqaviləsinin imzalanmasına yönəlmiş səylərini yüksək qiymətləndiriblər. Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2022-ci ildə fəaliyyəti haqqında Hesabatını təqdim edib. Plenar iclas gündəliyə daxil olan digər məsələlərin müzakirələri ilə davam edib.