Sabah Ay Yerə ən yaxın məsafədə olacaq və “Super ay” hadisəsi baş verəcək.
xəbər verir ki,Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu hadisə Bakı vaxtı ilə saat 13:07-də baş verəcək. Gündüz saatları olduğu üçün biz onu müşahidə edə bilməyəcəyik. Lakin axşam saatlarında Azərbaycanda da bu təbiət hadisəsini izləmək mümkün olacaq:
“Ayın Yerə ən yaxın məsafədə yaxınlaşmasından 7 saat keçmiş olsa da, “Super Ay” hadisəsini çox yaxşı müşahidə etmək mümkün olacaq”.
Xıdır Mikayılov bildirib ki, bu təbiət hadisəsinin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə olaraq qabarma-çəkilmələrdə intensivlik arta bilər:
“Bildiyiniz kimi Ay Yerin ətrafında dartılmış orbit üzrə hərəkət edir. Yəni ay ərzində bir dəfə ən yaxın məsafədə, bir dəfə isə ən uzaq məsafədə olur. Bu yaxın məsafələrin özü, təxminən 356 mindən 365 min kilometr arası dəyişə bilər.
Sabah baş verəcək “Super ay” hadisəsində Ay Yerə 356,761 min kilometr məsafəyə qədər yaxınlaşacaq.
“Super Ay” o zaman müşahidə edilir ki, Ay Yerə ən yaxın nöqtədən keçən ərəfələrdə tamamlanmış, bədirlənmiş olsun. Yəni biz onu bütöv ay kimi görə bilək. Bu zaman Ay planetimizə adi vaxtlatda olduğundan 14 faizə qədər daha yaxın məsafədə olur, işıqlılığı 14 faiz daha artıq olur, daha parlaq görünür və səthindəki detallar daha aydın seçilir.
Düzdür bu, adi gözlə o qədər də hiss olunmur, amma siz hər hansı binokl, kiçik teleskopla baxsanız görmüş olacaqsınız. Son illərdə ən çox yaxınlaşma 2016-cı ildə baş verib. Bu, son 68 ilin ən böyük yaxınlaşması idi”.