Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov facebook səhifəsində “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləsini paylaşıb.
“Rubin.az” həmin məqaləni olduğu kimi təqdim edir:
“Əli Kərimli Azərbaycana Suriyanın “inqilab təcrübə”sini idxal etmək istəyir, Azərbaycan hakimiyyəti isə dünyaya ASAN xidmət inqilabının təcrübəsini yayır.
1988-ci ildən bəri Azərbaycanın aktiv siyasi həyatındayam. 1993-cü ildənsə Prezident komandasında vətəndaş cəmiyyəti təsisatları – QHT-lər, KİV-lər və siyasi partiyalarla əlaqələrlə birbaşa məşğul oluram. Məsuliyyətlə söyləyə bilərəm ki, bütün fəaliyyətim dövründə həm dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyev, həm də onun siyasi varisi Prezident İlham Əliyev siyasi plüralizmi və çoxpartiyalı sistemi Azərbaycanın demokratik inkişafının təməl prinsipi kimi görüblər, ölkədə vətəndaş cəmiyyətinin mühüm seqmenti olaraq həm ictimai, həm də siyasi opponentlik mexanizmlərinin işlək və çevik olmasına çalışıblar, çoxrəngli ideoloji-siyasi palitranın mövcudluğunu arzu ediblər. Çünki cəmiyyətdəki fərqli kəsimlərin, o cümlədən müxalifətin də cari proseslərə, gələcəyə hesablanmış konsepsiyalara baxış və rəylərini bilmək, alternativ ideyaları dəyərləndirmək və yeri gələndə, ən azı ehtiyat variant olaraq nəzərdə saxlamaq təkcə rasional idarəçilik baxımından deyil, həmçinin hakimiyyətdə olan komandanın istənilən siyasi rəqabətə daim hazırlıq formasında qalması üçün vacib şərtdir.
Hakim komandanın məsul üzvlərindən biri olaraq məhz bu yanaşmanı əsas götürməklə ötən illər ərzində ölkənin siyasi səhnəsində yer alan, yer almaq istəyən, siyasi proseslərə istər açıq, istərsə də dolayı şəkildə təsir göstərməyə cəhd edən çeşidli qrupların, ayrı-ayrı şəxslərin fəaliyyətini müşahidə və təhlil etmək imkanım olub. Qənaətlərimi qısa və ən ümumi şəkildə belə ifadə edə bilərəm: əks düşərgənin ümumi tablosunda konstruktiv qüvvələr də yer alıb, destruktiv qüvvələr də; bir zamanlar özlərini “milli demokrat” adlandıran, amma sonradan Avropa Liberal Demokrat İttifaqına qatılmaq naminə dəyərlərini dəyişən sağçılar da var, özlərinə gah şimalda, gah da cənubda himayədar axtaran solçular da; dünyəvi konstitusion quruluşu əsl dövlətçilik istehkamı olaraq qorumağa hazır olan sekulyarlar da məlumdur, bu quruluşu istiqlalımız qarışıq öpdükləri əlin fitvasına təslim etməyə hazır olan klerikallar da. Sosial bazasını, ictimai dəstəyini Azərbaycan xalqı arasında axtaran və siyasi perspektivini milli iradəyə bağlayan qüvvələrin də şahidi olmuşuq, bütün iddialarını xarici paytaxtlardakı qaranlıq kulislərdə qəbul ediləcək hansısa qərarların öhdəsinə buraxanları da. Lakin Azərbaycanın müstəqil bir dövlət kimi öz əzələlərini möhkəmləndirməsi, ehtiyac yarananda, müstəqilliyimizi istəməyən qüvvələrə nümayiş etdirməsi, regional gücə, beynəlxalq arenada söz sahibinə çevrilməsi baxımından yetərincə təlatümlü keçən ötən illərdən hasil etdiyim bir qənaət də budur ki, milli mənafelərə, ümumi və strateji maraqlara çox asanlıqla arxa çevirərək dövlətə və dövlətçiliyə qarşı opponentlik edən əsas siyasi qruplardan biri Əli Kərimli və onun çevrəsindəki şəxslərdir.
Bu maddi maraq qrupu ta komsomolçu keçmişlərindən üzü bəri daim “maliyyəni verən musiqini də sifariş edər” devizi ilə hərəkət edərək, əvvəlcə mənsub olduqları siyasi partiyanın param-parça vəziyyətə düşməsi üçün heç nədən, hətta liderlərinə xəyanət etməkdən də çəkinməyiblər, sonra isə qazandıqları “təcrübəni” Azərbaycan dövlətinə, xalqına, milli maraqlarımıza qarşı istifadə etməyə başlayıblar. Hazırda bu qrup milli dəyər, məfkurə və müqəddaratımıza zidd olan ritorikaları ilə Azərbaycanda böyük vüsətlə gerçəkləşən və son zamanlar daha da intensivləşən islahatlara hər addımbaşı kölgə salmaq yolunu tutublar.
Sirr deyil ki, Prezident İlham Əliyev həyata keçirdiyi bir çox islahatların nəticəsi kimi son aylarda büdcəmizin artan imkanlarını sosial problemlərin həllinə yönəltdikdən, iqtisadi liberallaşmanı sürətləndirdikdən, siyasi plüralizmin genişlənməsi və bütövlükdə ölkəmizdə insan kapitalının sürətli inkişafına xidmət edən çoxsaylı qərarlar qəbul etdikdən sonra məlum xarici anti-Azərbaycan qüvvələr daha da fəallaşıblar. Bu qüvvələr xaricdəki anti-Azərbaycan şəbəkəsi və ölkəmizin daxilindəki “beşinci kolonu”, bir çox digər uzantılarını, o cümlədən Əli Kərimlini və onun qrupunu fəallaşdıraraq işə qoşubdur.
Əli Kərimlinin xaricdə mənzillənən internet resurslarından birinə müsahibə verərkən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi effektli siyasəti öz merkantil maraqları çərçivəsində şərh etməyə çalışması da həmin şəbəkənin fəaliyyətinin bir təzahürüdür. Bəri başdan qeyd edim ki, Əli Kərimlinin müsahibədə səsləndirdiyi fikirlərin hamısı əsassız, reallıqdan uzaq, onun daxili aləminin inikası olmaqla dövlətə və xalqa son dərəcə yad münasibətinin, ikrahla yanaşmasının ifadəsidir. İrəli sürdüyü və heç bir arqumentə tab gətirməyəcək iddialarının əsasında dayanan motiv də aydındır. O, hər vəchlə hakimiyyət və onun həyata keçirdiyi siyasət barədə cəmiyyətdə formalaşmış müsbət rəyi qaralamağa çalışır.
Görünən reallıq odur ki, istər daxili siyasətdə, istərsə də diplomatik müstəvidə İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur Əli Kərimli və bu tipli insanların siyasi iflasını dərinləşdirir, onları cəmiyyətin dinamikasından geridə qoyur, ictimaiyyətin diqqət mərkəzindən uzaqlaşdırır. Belə olan halda isə, onlar özlərini nəinki hakimiyyət uğrunda mübarizənin real subyekti kimi təqdim edə bilmirlər, hətta əbədi müxalifət titulunu da itirmək təhlükəsi ilə üzləşərək xaricdən ötürülən maliyyələrdən məhrum olacaqlarını real təhlükə kimi gözlərinin qarşısına alırlar. Odur ki, sağlam müxalifətçilik zehniyyəti ilə yürüdülən siyasəti təhlil etmək, əgər varsa, onun nöqsanlarını göstərmək, mümkün çətinliklərə diqqət çəkmək, bu yolla müəyyən düzəlişlərə nail olmaq deyil, həmin siyasətin gerçəkləşməsi üçün zəruri olan resurs və alətləri sıradan çıxarmağa, müsbət indikatorları zərbə altına salmağa çalışırlar. Qara niyyətlərinə ağ yalanlarla heç cür bəraət qazandıra bilmədikləri hallarda isə, iddia etməyə başlayırlar ki, guya, Azərbaycan hakimiyyətinin son qərarları və addımları yanvarın 19-da müxalifətin keçirdiyi etiraz aksiyasının nəticəsidir.
Axı ölçüsü, tutumu hər kəsə bəlli olan bir meydanda üç-beş min adamın iştirak etdiyi mitinq tribunasından hansı dəyərli və təzə fikir səsləndi, yeni proqram açıqlandı, hansı fərqli yol xəritəsi elan edildi ki, Azərbaycan hakimiyyəti onlara xüsusi diqqət yetirməli oldu? Doğrudanmı, bu adamlar sadə riyazi hesablamalar apara, bütün güclərini ortaya qoyub “Məhsul” stadionuna yığdıqları bir neçə min adamın Azərbaycanda elektoratın son dərəcə cüzi, sıfıra yaxın bir hissəsini təşkil etdiyini, tərəfdarlarının hətta ölkədə mövcud olan seçki məntəqələrinin sayından da az olduğunu görə bilmirlər? Onlar görməsə də, Azərbaycan cəmiyyəti hər şeyi yaxşı görür! Azərbaycan cəmiyyəti yaxşı görür ki, 25 ildən artıq bir müddətdə müxalifət düşərgəsində ərsəyə gətirilən “birlik formatları”nın hər biri mövsümi xarakter daşıyıb, fəslin başında “bu dəfə gəlirik” deyə bir-birinə ümid və təsəlli verənlər axırda yabalaşmaya çıxıblar.
Azərbaycan cəmiyyətinin və onun önəmli bir kəsimi olan gəncliyin nəzərindən yayınmır ki, əvvəllər müxalif düşərgədə yaranan birlik formatlarının avanqard qüvvəsini keçmiş hakimiyyətin “bəlkə də qaytardılar” ümidi ilə yaşayan nümayəndələri təşkil edir. İndi heç keçmiş hakimiyyət nümayəndələri də haçansa tutduqları postlara yenidən qovuşmaq üçün Əli Kərimlinin liderliyini qəbul etmir, onu öz revanş arzularının ifadəçisi kimi görmürlər. Bu təqdirdə yeni nəsil niyə öz karyera imkanlarını AXCP-nin sıralarında puç etməlidir?
Ümummili lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişinin ilk ilində orta məktəbin birinci sinfinə gedən şagirdlər hazırda yeni təhsil sistemi üzrə magistr dərəcəsi əldə ediblər. Onların bir qismi akademik elmi fəaliyyətlə məşğul olmaq üçün təhsilini davam etdirir, xeyli hissəsi isə dövlət qurumlarında, özəl müəsissə və şirkətlərdə çalışırlar. Onlar bilirlər ki, həm mövcud dövlət idarəçilik sistemi, həm də özəl sektor Azərbaycanda məhz ümummilli lider Heydər Əliyevin, onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin hakimiyyəti sayəsində bərqərar olub. Azərbaycan gəncliyinin məhz bunun fərqində olmasının nəticəsidir ki, Əli Kərimlinin sədrlik etdiyi təşkilatda son bir neçə ildə ali məktəbdən məzun olmuş, dövlət qurumlarını heç demirəm, özəl sektorda uğur qazanmış, vətəndaş cəmiyyəti qurumlarında, mətbuatda öz intellekti və istedadı ilə önə çıxmış gənclər yox səviyyəsindədir. Belə bir ölü təşkilat və həmin təşkilatın sədri ictimai-siyasi proseslərə hansı müsbət dinamika gətirə bilər ki?
İndi ən ucqar kəndlərimizdə böyüyən gənclər dövlətin himayəsi sayəsində aparıcı xarici universitetlərdə təhsilin müxtəlif pillələri üzrə yaxşı perspektiv vəd edən, dünyanın gələcəyini müəyyən edəcək ixtisaslara yiyələnməkdədirlər. Əlbəttə, deyilə bilər ki, AXC hakimiyyəti illərində də xaricə təhsil almağa göndərilənlər olub. Amma o göndərişin coğrafiyası təkcə bir ölkə ilə yekunlaşırdı, tələbələr həmin ölkənin ümidinə buraxılırdı və gənclər zərurət duyulan peşə və ixtisaslara deyil, AXC hakimiyyətinin ideoloji beyinyuma, azərbaycanlıları “yenidən formatlama” siyasətinə uyğun olaraq əsasən filologiya, tarix, sosial elmlər kimi sahələrə yönləndirilmişdilər. AXC və YAP iqtidarlarının fərqi də bundadır: bizim partiya vətəndaşı dövlət və ya daha pisi, hansısa ideologiya üçün vasitə, xammal olaraq görmür. Ümummilli liderimizdən bizə miras qalan ən mühüm tövsiyə budur – dövlət vətəndaş üçündür.
Biz gəncləri, cənab Prezidentin ifadə etdiyi kimi, Azərbaycanın gələcəyi olaraq görürük, onların öz milli dəyərlərimizi, milli ruhumuzu qoruyaraq ən çağdaş elmlərə, çağdaş ixtisas və peşələrə yiyələnməsinə çalışırıq… Bəli İlham Əliyev dövlətin vəsaiti ilə hansısa şübhəli ideologiyalara xidmət edən, antimilli ruh daşıyıcısı olan yeni nəsil yetişdirməklə məşğul olmur. O, öz milli mənsubiyyəti və doğma Azərbaycanı ilə fəxr edən gəncliyin formalaşması üçün çalışır.
Bütün bunların nəticəsidir ki, Əli Kərimli xalqımızın xüsusi həssaslıq nümayiş etdirdiyi 20 Yanvar günündə Şəhidlər Xiyabanına ziyarətə gələn, ümumiyyətlə, onun mövcudluğu ilə maraqlanmayan kütlənin qarşısına keçib, öz ətrafında izdiham görüntüsü yaratmağa çalışırdı. Lakin bu cür illüziyalar yaratmaq istəyi son nəticədə elə öz əleyhinə işlədi və cəmi bir neçə gün sonra Məmmədəmin Rəsulzadənin heykəlinin ziyarətinə on minlərin önündə gedəcəyini bəyan etdiyi halda, Novxanıya 120 nəfərlə daxil oldu. Bu isə onun “liderliyini” dırnaq arasına saldı, ciddiyyətdən nə qədər uzaq olduğunu hər kəsə agah etdi. Bu adamların siyasət anlayışı da qeyri-ciddidir, dedi-qodusu da öz səviyyələrindən o tərəfə getmir.
Əli Kərimli müsahibəsində sual edir ki, “hakimiyyətdə olduğu dövrdə İlham Əliyev Azərbaycan xalqı və dövləti üçün nə edib”? Bu suala mən cavab verəcəyəm və həm də Əli Kərimli və ətrafı kimi subyektiv mülahizələrlə ictimai rəyi manipulyasiya etmək üçün deyil, real faktlarla danışacağam.
Müasir dünyada zaman və şərtlər sürətlə dəyişir, Azərbaycan hakimiyyəti məhz dövrün çağırışları, müasirliyin parametrləri, tərəqqinin cazibəsi ilə hərəkət edir. Bugünkü Azərbaycan sosial-iqtisadi baxımdan tam yenilənib. Ötən 15 ildə Azərbaycanın həm paytaxtı, həm də bölgələrimiz müasirləşib, məmləkətimizin dörd bir yanında istehsal və xidmət obyektləri yaradılıb, milyonlarla insan işlə təmin edilib…
2005-ci ilin parlament seçkilərində teledebatlarda çıxış edən o vaxtkı müxalif namizədlərdən biri Azərbaycanın həqiqətən də kiçik olan dövlət büdcəsini Baltikyanı ölkələrdən birinin büdcəsi ilə müqayisə edib hakimiyyətə gələcəyi təqdirdə, büdcəni 5 milyard manata qədər artıracağını vəd verirdi. İlham Əliyev, əlbəttə belə bir vəd vermədi, amma növbəti seçkilərə opponentlərinin xəyal etdiyi büdcə göstəricisindən bir neçə dəfə çox büdcə ortaya qoydu. Çünki, o, populist vədlər siyasətçisi deyil, real əməl və amal sahibi idi. Formalizm, populizm, qeyri-real vədlər, cari, situativ hədəflər naminə dövlətin enerjisinin sərf edilməsi, ancaq gündəlik siyasi tələblər haqqında düşünmək İlham Əliyev idarəçiliyinə yad bir xüsusiyyətdir. Prezidentin özünün də TASS informasiya agentliyinə verdiyi müsahibədə qeyd etdiyi kimi, o, həmişə populizmdən, populist ritorikadan uzaq olub. Azərbaycan iqtidarı çalışıb ki, özünü xüsusi olaraq nümayiş etdirmədən ölkənin uğurlu inkişafı üçün lazım olan addımları atsın.
Prezident İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu hədəflərdən biri regionların inkişafını təmin etmək, əyalətlə paytaxt arasında sosial-iqtisadi və mədəni fərqləri azaltmaq idi. Baxın, keçən 15 ildə Azərbaycan regionları, sözün əsl mənasında, inkişaf edib, bölgələrdə müasir infrastruktur yaradılıb. Şəhərlərimizdə müasir mədəniyyət və gənclər mərkəzləri, məktəblər, muzey və parklar, 45 Olimpiya İdman Kompleksi, həm yerli, həm də xarici turistlərin axışdığı istirahət guşələri istifadəyə verilib. Bütün ölkə boyu daimi işıq, qaz, su problemi həll edilib, kommunal xidmət sahəsində narahatlıq doğuran bütün məsələlər əsasən aradan qaldırılıb.
Statistikaya nəzər yetirək: son 15 ildə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixracımız 4,7 dəfə artıb. Ölkənin valyuta ehtiyatları 24 dəfə çoxalıb və bu gün 45 milyard dollar təşkil edir. Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub və onun yarısı xarici investisiyadır. Ölkədə 2 milyon yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq həddi 50 faizdən 5 faizə düşüb, əhalinin sayı 1,6 milyon artıb. Bu dövr ərzində maaşlar 7, pensiyalar 9 dəfə yüksəlib. Biznes mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü siyasət həyata keçirilib, təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb.
Dərin sosial-iqtisadi islahatların həyata keçirilməsi, yolların ən müasir standartlara uyğun yenidən qurulması, 6 hava limanının tikintisi, Oğuzdan Bakıya içməli su çəkilişi və ölkə üzrə sistemli şəkildə su probleminin həlli, 31 yeni elektrik stansiyasının tikintisi və 2500 meqavatlıq yeni güc yaradılması, sənaye zonaları, aqroparklar, meliorasiya tədbirləri, kənd təsərrüfatının canlanması və sürətli inkişafı, sənaye zonalarının işə başlaması, Azərbaycanın 3 peykinin orbitə çıxarılması və onun kosmik dövlətə çevrilməsi, transmilli enerji və nəqliyyat layihələrinin reallaşması – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz layihələrinin işə düşməsi, 4 seqmentdən ibarət Cənub Qaz Dəhlizi layihəsinin faktiki reallaşması, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə mühüm işlərin görülməsi, Azərbaycanın beynəlxalq nəqliyyyat-tranzit xabına çevrilməsi və bu çərçivədə Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi… Bu siyahını kifayət qədər uzatmaq da olar. Əminəm ki, Əli Kərimli də bütün bu reallıqları görür, lakin İlham Əliyev hakimiyyətinin uğurlarını etiraf etmək üçün özündə cəsarət və güc tapa bilmir.
Əli Kərimlinin hakimiyyətdə olduğu illərdən fərqli olaraq, bu gün şagirdlər çantaları ilə yanaşı özləri ilə məktəbə odun daşımırlar. Çünki son 15 ildə Azərbaycanda 3200 yeni məktəb tikilib və ya əsaslı şəkildə təmir olunub. Vətəndaşlarımız həmin illərdəki kimi soyuq, işıqsız, təchizatsız tibb müəssisələrindən evlərinə daha ağır xəstəliklər taparaq qayıtmırlar. Ona görə ki, 640 tibb müəssisəsi tikilib və ya yenidən qurulub, vətəndaşlarımız pulsuz müayinə imkanlarından bəhrələnirlər. Bu gün Əli Kərimli hansı bölgəyə üz tutsa, avtomobili hamar şoselərdə şütüyəcək, hakimiyyətdə olduğu zamanlarda elementar təmizliyə malik dövlət qonaq evi belə tapmırdısa, indi 4-5 ulduzlu otellər arasında seçim etməli olacaq. Əgər həmin otellərin hovuzundan başını çıxarmağa həvəsi olsa, görəcək ki, kəndlilərimiz tarla əkir, zəmi biçir, mal-qara saxlayır, toxum, yem, texnika problemi ilə üzləşəndə dövlətin dəstəyini alır, məhsuluna alıcı tapmaqda çətinlik çəkmir.
Azərbaycan ailələrinin əksəriyyəti son 15 ildə iki açar sahibi olublar – şəxsi ev və avtomobil açarları. Əlbəttə, əhalinin sayı artdıqca, tələbatlar da çoxalır və Azərbaycan hakimiyyəti öz siyasəti ilə artan tələbatlar qarşısında əhalinin rifahının gücləndirilməsini özünün başlıca vəzifəsi hesab edir. Bunun üçün problemləri də öyrənir, çıxış yollarını müəyyənləşdirir, amma heç zaman və birmənalı olaraq xalqa populist vədlər vermir. Məsələn, Azərbaycan dövləti bilir ki, bu gün 12 mindən artıq şəhidə 11 min kompensasiya vermək gücündədir və müvafiq addım atır. Amma Əli Kərimli əhalinin kredit borcları üzərində ucuz şou düzəldəndə heç hesablayıbmı ki, bəhs etdiyi 500 min insanın banklara ümumilikdə kredit borcu nə qədər edir və dövlət hazırda bu yükün altına girə bilərmi? Siyasətçi heç olmasa bir az realist olmağı bacarmalıdır və şəxsi mənfəəti naminə cəmiyyəti populist bəyanatlarla aldatmamalıdır. Ümumən bu rəqəm özü də mübahisəlidir və mütəxəssislər daha kiçik saydan bəhs edirlər. Amma bəri başdan onu da bildirim ki, Azərbaycan dövləti Əli Kərimlisiz də bu problemi öyrənib təhlil edir və əgər qarşıdan gələn dövrdə dövlətin maliyyə durumu buna imkan verəcəksə, kreditlərin məsələsi də nəzərdən keçiriləcək və müvafiq qərar qəbul olunacaq. Bir də ki, digər ölkələrin bu və ya digər addımlarından nümunə gətirənlər həmin addımların “seçki rüşvəti” sayıldığını niyə unudurlar? Axı, biz, deyəsən, demokratiyadan danışırıq.
Bax bütün bunlara görədir ki, Azərbaycan xalqı 1990-cı ilin əvvəllərində ölkə ərazisini “qızılla örtməyi” vəd edərək onu aldadanları da yaxşı xatırlayır, verdiyi hər vədi bircə-bircə yerinə yetirərək Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq möhtəşəm islahatları inamla davam etdirən lideri – İlham Əliyevi də görür və dəstəkləyir.
Görünür, elə gəncini, kəndlisini, ziyalını, fəhləni, şəhər sakinini, ümumilikdə cəmiyyətimizi məmnun edən, həmin yeniləşən və inkişaf edən Azərbaycandır ki, Əli Kərimlini narahat edir. İlham Əliyevin hər bir uğuru, onun rəhbərliyi altında Azərbaycanın günü-gündən güclənməsi, çiçəklənməsidir ki, Əli Kərimlini stress vəziyyətinə salır, onun isterik bəyanatlarına, açıqlamalarına səbəb olur. Çünki bütün bunlar nəinki onun çox arzuladığı və gecə yuxuda gördüyü hakimiyyət kürsüsünə yolunu bağlayır, ümumiyyətlə, bir siyasətçi kimi mövcudluğunu sual altına qoyur.
Çox maraqlı situasiyadır: dövlət başçısı şəhid ailələrinə kompensasiya ödənilməsi ilə bağlı sərəncam imzalayır, minimum əmək haqlarını 40 faiz artırır, tələbələrə təqaüdləri yüksəldir, qaçqınlara müasir evlər verir, yeni iş yerləri yaradır, regionları yenidən qurur və abadlaşdırır, sahibkarlara kredit verilir, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsi üçün ardıcıl təşəbbüslər göstərir, bir sözlə, sosial müdafiəni dövlət siyasətinin ən ümdə prioriteti elan edir və əməldə də bunun belə olduğunu sübut edir, amma nədənsə Əli Kərimli yenə narazıdır.
Azərbaycan xalqı yaxşı başa düşür ki, müxalifətin bütün kadr potensialı ASAN xidmətin bircə filialını idarə etməyə qadir deyil. Onu da qeyd edim ki, bəli, ASAN xidmət ictimai xidmət sektorunda bir inqilabdır. Əli Kərimli Azərbaycana Suriyanın “inqilab təcrübə”sini idxal etmək istəyir, Azərbaycan hakimiyyəti isə dünyaya ASAN xidmət inqilabının təcrübəsini yayır. Hakimiyyəti rüşvət və korrupsiyada ittiham etməyə aludə olan müxalifətin ölkəmizdə nümunəvi bir təsisatın yaranmasına qısqanc münasibəti başa düşüləndir.
Axı cəmiyyət bu günə kimi Əli Kərimlinin təmsil olunduğu hakimiyyətin dövründə hökm sürən dərəbəylik, dövləti talanetmə, total korrupsiya və rüşvət faktlarını unutmayıb. Ən azından Əli Kərimli vaxtilə öz hakimiyyətləri dövründə baş verənlər barədəki məlum çıxışını xatırlasın, xatırlamırsa çıxışının stenoqramını bir daha oxusun. Buna görədir ki, Prezident İlham Əliyev cəmiyyətdə şəffaflığın təmin edilməsi, korrupsiya, rüşvətxorluq kimi neqativ hallara qarşı barışmaz mübarizə aparması Əli Kərimliyə və onun ətrafına sərf etmir. Onlar ittiham hədəflərini itirirlər, sözləri kəsərdən düşür və daha heç kimi aldada bilmirlər.
Əlləri hər yerdən üzüləndə isə XXl əsrdə rasist təfəkkürünə pənah aparır, məsələn, iddia edirlər ki, ərəb turistlərin Azərbaycana gəlişi xalqımızı alçaldır. Niyə? 2018-ci ildə Azərbaycana 3 milyona yaxın turist gəlməsi, ümumilikdə 2 milyard dollardan artıq vəsait xərcləməsinin nəyi pisdir? Bütün xidmət sektorunun hərəkətə gəlməsi, əhalinin əlavə gəlir imkanlarının artmasının nəyi pisdir? Nə qədər Əli Kərimli və çevrəsinin xoşuna gəlməsə də, əlbəttə bunda, Formula l yarışlarının, l Avropa Oyunlarının, İslam Həmrəylik Oyunlarının böyük rolu olub. Nədənsə, bütün bu beynəlxalq miqyaslı tədbirlər Əli Kərimlinin və çevrəsinin xoşuna gəlmir. Niyəsi də məlumdur, çünki onların işinə, istək və arzularına yaramır. Axı bu feodal zehniyyətə Azərbaycana Avropa Oyunlarının deyil, “köhnə qitədən” bəlli çevrələrin inqilab ixracı, Suriyada, Liviyada və s. ölkələrdə olduğu kimi İslam dünyasından silahlı radikal dini qrupların gəlişi, Formula l avtomobilləri əvəzinə isə Bakının küçələrində tanklar və topların irəliləməsi daha uyğundur.
Hər kəsin yaxşı xatirindədir ki, cənab İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçilməzdən əvvəl ölkədə bütün çadır şəhərciklərinin ləğv ediləcəyini, qaçqın və məcburi köçkünlərin fərdi mənzillərlə təmin olunacağını vəd etmişdi. O zaman Əli Kərimli və onun keçmiş hakimiyyətdəki “mehriban düşmənləri” bu vədlərin yerinə yetirilməsini mümkünsüz sayır, əleyhinə təbliğat aparır, məcburi köçkünlərə fərdi evlə təmin olunmalarını hətta xəyallarına belə gətirməməyi tövsiyə edirdilər. Heç 19 yanvar mitinqi də hələ olmamışdı.
Bu sahədə görülən işlərlə bağlı bəzi rəqəmləri xatırlatmaq istəyirəm. Prezident İlham Əliyevin verdiyi vədin müqabilində keçən müddətdə məcburi köçkünlər üçün bütün infrastrukturla təmin olunmuş 100-dən artıq müasir qəsəbə salınıb, 55 min ailə, 300 mindən artıq insan rahat mənzillə təmin olunub, başqa sözlə, hətta xəyallarında belə iki daşı bir-birinin üstünə qoymağı bacarmayan müxalifətçilərin deyingənliyinə rəğmən, İlham Əliyev xalqa xidmət amalının misilsiz bir nümunəsini ortaya qoyub. Bu cür nümunələr çoxdur, həddən artıq çoxdur, statistikalar uzanmasın deyə, yalnız bir neçəsini qeyd edirəm:
– 1997-2018-ci illər ərzində dövlət tərəfindən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 6654 mənzil təqdim edilib. O cümlədən, 2018- ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil verilib. Bu il isə həmin kateqoriyaya daxil olan vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur;
– 1997-ci ildən etibarən müharibə əlillərinə avtomobillər bağışlanması ənənə halını alıb və bu günə kimi artıq onlara 6144 avtomobil verilib;
– həmçinin, cənab İlham Əliyevin 2018-ci ildə prezident seçildikdən sonra verdiyi ilk fərmanda şəhid ailələrinə 11 min manat kompensasiya ödənilməsinin əks olunması (12. 268 şəhidin vərəsələrini əhatə etməklə ümumilikdə 135 milyon manat vəsait ayrılması nəzərdə tutulur) faktdır.
Beləliklə, bu qəbildən olan faktları 19 yanvar mitinqinə bağlamaq üçün Əli Kərimlinin “zamana səyahət makinası” kəşf edərək aksiyasını özü ilə birgə keçmişə aparması da lazımdır. Ancaq heç bu da Əli Kərimliyə sərf etməz, ona görə ki, yaxın keçmişə qayıdanda da, cənab İlham Əliyevi prezident seçildiyi ilk gündən xalqın arasında görmüş olacaq. Bu gün dünyada elə ölkə rəhbərləri var ki, ancaq seçkidən-seçkiyə xalq arasına çıxır və ancaq iri şəhərlərdə, meqopolislərdə nitq söyləyirlər. Cənab İlham Əliyev isə cənubdan şimala, qərbdən şərqə bütün rayonlarımızda dəfələrlə səfərdə olub, insanların güzəranı ilə maraqlanıb, problemlərinin həlli ilə bağlı anında tapşırıqlar verib. Lənkəranda bina çökəndə, Aranda Kür daşanda, Zaqatalada, Şamaxıda zəlzələ olanda xalq öz prezidentini onunla çiyin-çiyinə dayanmış görüb, əlini kürəyində hiss edib.
Əli Kərimli və onun kimilərinisə ən məşəqqətli günlərində xalqı və dövləti düşmən qarşısında taleyin ümidinə buraxıb aradan çıxmaqları, üzləşdikləri siyasi iflas qarşısında milləti aşağılamağa, onun mizan-tərəzisinə lağ etməyə, tarixi və ictimai şüur səviyyəsini ələ salmağa çalışmaları bir yana qalsın, ən sevincli günlərində belə, onunla eyni ovqatı, eyni emosiyanı paylaşa bilməyiblər. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan əskərinin şanlı zəfərini aşağılayanlar, bu qələbəyə kölgə salmaq üçün dəridən-qabıqdan çıxanlar yenə də Əli Kərimli, yenə də onun timsalında müqəddəs Azərbaycan davasından fərar edənlər idi. Fərari xislətinə malik olanlar, heç şübhəsiz, Azərbaycanın Ali Baş Komandanının aprel döyüşləri səngiməmiş öz xanımı ilə birgə cəbhə bölgəsinə səfərini, əsgərlərimizlə bir səngərdə çiyin-çiyinə dayanmasını, ordunun şəxsi heyəti ilə bir süfrədə yemək yeməsini, bir ocaqdan çay içməsini vətən yanğısı, işğal edilmiş torpaqlarımızın ən qısa zamanda mütləq azad ediləcəyi inamı ilə seyr edə bilməzlər. Azərbaycan hakimiyyətindən asılı olmayan səbəblər üzündən dünya bazarında neftin qiymətinin düşməsinə az qala dəf çalaraq sevinənlər, Silahlı Qüvvələrimizi iki mülki helikopterə möhtac vəziyyətdə deyil, beynəlxalq hərbi araşdırmalara görə, ən müasir cəbbəxanaya malik olmaqla dünyanın 50 ən güclü hərbi birləşmələri sırasında görəndə, hətta zahirən də olsa, sevgi və sevinc libasına bürünə bilmirlər.
Azərbaycan hakimiyyəti yüzlərlə jurnalisti mənzillə təmin etdi, siyasi dünyagörüşünə fərq qoymadan yüzlərlə qələm sahibini kirayələrdən, yataqxanalardan ayırıb Bakının ən prestijli ərazisində ev-eşik sahibinə çevirdi. Hətta vaxtilə öz nəzarətində olan qəzetlərdə çalışan mətbuat nümayəndələrinə də “Allah xeyir versin” deməyə mənəvi gücü çatmayan Əli Kərimli iddia edir ki, guya dövlət bu yolla medianı satın alır. Yaxşı olmazmı ki, AXCP sədri ev müqabilində hansısa şərt qoyulub-qoyulmamasını jurnalistlərin özündən soruşsun, dövlətdən hər cür qayğı görən mətbuatın səsini dinləsin?! Bəlkə, vaxtilə kirayə qaldıqları evlərin pulunu ödəyə bilmədikləri halda, qrant layihələrində adlarının qarşısına yüksək məbləğlər yazılan, ancaq həmin məbləğin heç yarısını da Əli Kərimlinin çevrəsindəki QHT-lərdən ala bilməyən jurnalistlərin gözünün içinə baxaraq desin bütün bunları? Avstriya, Danimarka, Fransa və müxalifət fəallarının qrant aldığı Avropa dövlətlərinin əksəriyyətində mediaya, qeyri-hökumət təşkilatlarına milyonlarla yardım verilir. Elə Əli Kərimlinin həvəslə istinad etdiyi beynəlxalq hüquq-müdafiə təşkilatları da əsasən ABŞ, Böyük Britaniya, Almaniya və digər Qərb dövlətlərinin büdcəsindən maliyyələşirlər. Onlardamı satın alınıb? Satın alınıblarsa, bu təşkilatlara niyə istinad olunur, niyə onların iddiaları tirajlanır və hakimiyyətə qarşı təbliğatda istifadə edilir?
Əlbəttə, Əli Kərimlinin müsahibəsində səsləndirdiyi iddiaları bir-bir təftiş edərək, onların hər birinə cavab vermək və Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasətin uğurlu nəticələrini sadalamaq olar. Ancaq sözümün sonunda bir məsələyə toxunmaq istəyirəm. Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə tez-tez belə bir sual səslənir ki, Azərbaycan müxalifəti niyə belə zəif və perspektivsizdir? Əslində bunun səbəbkarı nə Əli Kərimlidir, nə də düşərgənin digər nümayəndələri. Çünki onlar Prezident İlham Əliyevin düşünülmüş, prinsipial milli siyasəti, dövlət başçısının müasir və qüdrətli Azərbaycan naminə açdığı yeni üfüqlər, vətəndaş təşəbbüskarlığına yaratdığı imkanlar qarşısında aciz vəziyyətdə qalmağa məhkumdurlar. Müxalifət üçün nə qədər məyusedici olsa da, deməliyəm: bu pozitiv reallıq hələ uzun illər Azərbaycan xalqına və dövlətinə xidmət edəcək. Heç bir qüvvə Azərbaycan xalqının milli iradəsini sarsıda, bu iradənin ifadəçisi olan Lideri yolundan döndərə bilməz”.