Bu gün hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Səidə Qocamanlı Daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər.
“Rubin.az” xəbər verir ki,bu barədə “Qafqazinfo”ya S. Bənənyarlı məlumat verib. O bildirib ki, görüşün keçirilməsində məqsəd siyahılarında olan məhbuslarla bağlı naziri məlumatlandırmaq olub: “Daha sonra bizə edilən digər müraciətlərlə bağlı fikir mübadiləsi etdik. İşgüzar bir görüş alındı. Bilirsiniz ki, bu günlərdə Əfv Məsələləri Komissiyasının iclası keçirilir. Ramil Usubov məsələlərin araşdırılması üçün göstəriş verdi.
Artıq siyahını Komissiyaya təqdim etmişik. Siyahıda bu günə kimi siyasi məhbus hesab etdiyimiz şəxslərin adı var. Elə insanlar var ki, illərdir ki, adı həmin siyahıdadır. Ümid edirəm ki, bu dəfəki əfv siyahısında onların adını görə biləcəyik. O cümlədən, bu məsələlərlə bağlı, cənab prezident İlham Əliyevə də müraciət etmişik”.