Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.
RUBİN.AZ xəbər verir ki, Azərbaycanın daha beş sərbəst güləşçisi bu gün mübarizəyə başlayacaq.
Ayxan Abdullazadə (61 kq) 1/4 finalda Emre Kural (Türkiyə) / Andrey Vitan (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək. Turan Bayramov (74 kq) təsnifatda Nikolay Dimitrovla (Bolqarıstan) görüşəcək. Fərid Cabbarov (86 kq) 1/4 finalda Knyaz İboyan (Ermənistan) / İvan İçizli (Moldova) qalibi ilə güləşəcək. Abdulcəlil Şabanov (92 kq) eyni mərhələdə Recep Haydari (Şimali Makedoniya) / İon Demian (Moldova) cütünün güclüsü ilə qarşılaşacaq. Vaxit Qalayev (125 kq) Uveys Feyzulahununlə (Şimali Makedoniya) üz-üzə gələcək.
Bu gün həmçinin Rəşid Babazadə (65 kq) finalda fransalı Xamzat Arsamerzoyevlə güləşəcək. Maqomed-Başir Xaniyev (70 kq) həlledici qarşılaşmada ermənistanlı Hayk Papikyanla üz-üzə gələcək. İslam İlyasov (97 kq) isə finalda türkiyəli Oktay Çiftçi ilə üz-üzə gələcək.
57 kq-da Nurəddin Novruzov və 79 kq-da Səbuhi Əmiraslanov isə yarımfinalda uduzduqlarından bürünc medal qarşılaşmalarına çıxacaqlar. 3-cü yer uğrunda görüşdə Novruzov Rafal Şevç (Polşa) / Edik Harutyunyan (Ermənistan) cütünün qalibi, Əmiraslanov isə digər Ermənistan təmsilçisi Narek Qriqoryanla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl qadın güləşçilərdən Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən isə Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) gümüş medala sahib çıxıb.
“Qafqazinfo”