Milli məclisin sədr müavini, millət vəkili Adil Əliyev ötən gün ölkəmizdə səfərdə olan Dağıstan Respublikası Milli Şurasının sədri cənab Zaur Askendərovun başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclisdə görüşüb.
RUBİN.AZ xəbər verir ki, görüş zamanı millət vəkili ölkələrimiz arasında münasibətlərdən danışaraq, bu münasibətlərin yüksələn xətlə inkişaf etməsindən bəhs edib. Eləcə də, cənab Əziz Əliyevin Dağıstana rəhbərlik etdiyi dövr barəsində danışıb.
Adil Əliyev ölkəmizdə həyata keçirilən gənclər və idman siyasətinin şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzində olmasını, sağlam Azərbaycan gəncliyinin yetişdirilməsi üçün bütün imkanların səfərbər edilməsini qeyd edib. Eləcə də, Azərbaycan gəncliyinin həm Vətən müharibəsində, həm də ondan sonrakı dövrdə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildirib.
Millət vəkili bu gün də könüllülərin, ekofəalların Laçın-Xankəndi yolunda keçirtdiyi aksiyaya toxunaraq, aksiyanın əsas tələbinin sərvətlərimizin qeyri-qanuni talan edilməsinin qarşısını almaq və ekoloji terrora son qoymaq olmasını, lakin aksiya zamanı humanitar yüklərin daşınmasına və xəstələrin təxliyəsinə yaradılmış imkandan bəhs edib.
Görüş habelə ölkələrimizi maraqlandıran müzakirələrlə davam edib. Görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, millət vəkilləri Ramil Həsən, Azər Badamov, Aqiyə Naxçıvanlı və Musa Qasımlı da iştirak edib.