“Dəmir yumruq” əməliyyatı torpaqlarımızın azad edilməsini şərtləndirdisə, “Qardaş yumruq” adı verilən birgə hərbi təlimlər Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin daha bir simvoluna çevrildi.
Azərbaycan və Türkiyə müdafiə nazirləri Zakir Həsənov və Hulusi Akar “Qardaş yumruğu” birgə təlimlərini yerindəcə izləyiblər. İki qardaş ölkənin hərbçiləri qarşılıqlı əlaqədə müxtəlif təlim döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetiriblər.
Qonşu İran Azərbaycanla sərhəddə keçirdiyi təlimlərlə bizi qorxutmaq istəyirdi. Biz başqaları ilə səhv salıb. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi biz heç kimdən qorxmuruq, çünki haqlıyıq. İranın təlimlərinə iki təlimlə cavab verdik. Birini özümüz keçirdik, ikincini qardaş Türkiyə ilə birgə reallaşdırdıq. Cənab Prezident İlham Əliyevin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda səsləndirdiyi “Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var” cümləsindən də düşmənlərimiz dərs çıxarmalı idilər. “Qardaş yumruğu” növbəti dərslərdən biri idi.
Cənab Prezidentin sözlərinin təsdiqi kimi Türkiyə İranın Azərbaycanı hədələməsinə seyrçi qala bilməzdi və Azərbaycanla birgə hərbi təlimlər vasitəsiylə düşmənlərimizi xəbərdar etməliydi. “Türkiyə və Azərbaycan bu hərbi təlimlərlə həmrəylik nümayiş etdirib. İnanıram ki, sizlər dostlara güc, düşmənlərə qorxu verdiniz” sözləriylə birgə hərbi təlimin iştirakçılarına müraciət edən qardaş ölkənin Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin heç kimin bizi bir-birimizdən ayıra bilməcəyini göstərdiyini vurğulayıb. Təlimləri yerindəcə izləyən qardaş ölkənin müdafiə naziri Hulusi Akar həssas dövrə işarə edərək ölkələrimizin və millətimizin təhlükəsizliyinin təmin edilməsinin ancaq və ancaq aktiv və etibarlı bir orduya sahib olmaqla mümkün olduğunu bildirib. Nazir qeyd edib ki, təlim iki ölkə Silahlı Qüvvələrinin, Türkiyə və Azərbaycanın haqq və mənfəətlərini qorumaqdakı gücünü və qətiyyətini ən açıq şəkildə göstərib. Hulusi Akarın “Azərbaycana qarşı təhdid haradan gəlir-gəlsin, tək ordu, tək güc və tək yumruq olarıq” və “dostumuzu birlikdə dost görür, düşmənimizi də düşmən bilirik. Buna kimsənin şübhəsi olmasın” cümlələrindən də düşmənlərimizin gərəkli dərs çıxarmaları lazımdır.
Azərbaycanı hərbi təlimlərlə “qorxutmaq” istəyənlər və Ermənistanla həmrəylik nümayiş etdirənlər Azərbaycan-Türkiyə birgə hərbi təlimləri və verilən açıqlamalardam sonra yenə də məntiqsiz davransalar deməli qardaşımızla dərsləri yenidən təkrarlamalı olacağıq.
ADİL ƏLİYEV
Azərbaycan Kikboksinq Fedrasiyasının prezidenti,
Milli Məclisin sədr müavini