Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 2023-cü ildə keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi bəlli olub.
RUBİN.AZ Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcəyi C qrupunda yer alan komandamız mübarizəyə avqustun 18-də başlayacaq. Ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək yığmamızın rəqibləri Almaniya, Çexiya, Türkiyə, İsveç və Yunanıstan olacaq.
Millimiz “Avro-2023”də ilk oyununu Çexiya kollektivinə qarşı keçirəcək. Voleybolçular bir gün sonra ev sahibləri ilə üz-üzə gələcəklər.
Qrup mərhələsinin üçüncü turunda millimiz Türkiyə ilə qarşılaşacaq. Yarışın növbəti günündə istirahət edəcək komandamız avqustun 22-də Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığma avqustun 23-də baş tutacaq qrupdakı sonuncu matçında isə İsveçə rəqib olacaq. Qrupda mübarizəyə bir gün sonra yekun vurulacaq.
Qeyd edək ki, qrupda ilk dörd yeri tutacaq kollektivlər növbəti mərhələyə yüksələcək.