Bu gün millət vəkili Adil Əliyev yeni dərs ilinin başlanması münasibətilə, içərisində şəhid və qazi övladları da olmaqla 150 nəfər məktəbli ilə görüş keçirdi.
Rubin.az xəbər verir ki, öncə Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi yad edildi. Daha sonra Adil Əliyev məktəbliləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib:
“Ümummilli Lider Heydər Əliyevin dediyi kimi “Uşaqlar bizim gələcəyimizdir”, hər birimiz də öz növbəmizdə uşaqlar üçün daha gözəl gələcək qurmaq üçün əlimizdən gələni etməliyik. Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsində aparılan genişmiqyaslı fəaliyyət uğurlu nəticəsini verməkdədir. Bu gün minlərlə azərbaycanlı gənci dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinə qəbul olur və dövlət hesabına təhsil alırlar. Məktəblilərimizin təhsili qədər, onların vətənpərvər ruhda tərbiyəsi də dövlətimiz üçün vacibdir. Məhz bu ali ruhda böyümüş Azərbaycan gəncliyi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun tərkibində Vətən müharibəsində iştirak etdi, tarixi torpaqlarımızı düşmən işğalından birdəfəlik azad edərək, bizə tarixi Qələbə bəxş etdi. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına imkan vermədi. Qazi və şəhidlərimizin bizə əmanət olan ailələrinin sosial vəziyyəti və rifahı da hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Dövlət başçısının yürütdüyü siyasətə, verdiyi tapşırıqlara uyğun olaraq qazilərimizi və şəhid ailələrini, onların övladlarını qayğı ilə əhatə etmək, eləcə də bütün uşaqları qorumaq hər birimizin vətəndaşlıq vəzifəsidir”- deyə çıxış edib.
Tədbirin sonunda məktəblilələrə məktəbli formaları, dərs çantaları və digər hədiyyələr təqdim edilib.Millət vəkili bütün təhsilalanlara təhsil həyatında uğurlar arzu edərək hər birinin layiqli Azərbaycan vətəndaşı kimi formalaşacağından əmin olduğunu vurğulayıb. Sonda xatirə şəkli çəkdirilib.