Azərbaycanın 2019-cu ildə Qoşulmama Hərəkatına sədrliyə başlaması ilə təşkilatın fəaliyyətinə yeni nəfəs, canlanma gətirdiyi artıq bir faktdır. Bu, Qoşulmama Hərəkatının keçirdiyi tədbir və görüşlərin intensivləşməsi, təşkilata üzvlər arasında həmrəyliyin formalaşması, yeni təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsində özünü göstərir. Belə təşəbbüslərin bir çoxu Azərbaycan tərəfindən irəli sürülür və onların reallaşmasında Azərbaycan liderlik rolunu öz üzərinə götürür.
Bu cür səmərəli yanaşma sayəsində hərəkata üzv dövlətlər arasında Azərbaycandan ərazi, əhali, iqtisadi və hərbi güc, eləcə də bir sıra digər meyarlar baxımından qat-qat böyük dövlətlərin yer almasına baxmayaraq, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə quruma 2011-ci ildə üzv olmuş ölkəmiz Qoşulmama Hərəkatının aparıcı üzvünə çevrilib. Bu, həm də Azərbaycanın Qoşulmama Hərəkatı xaricində də beynəlxalq nüfuz və hörmətini artırıb. Milli Məclisin sədr müavini olaraq Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən mühüm işlərdən birini ayrıca vurğulamaq istərdim. Bu da Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis edilməsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin sədr müavini Adil Əliyev söyləyib.
Adil Əliyevin sözlərinə görə, ölkəmizin Qoşulmama Hərəkatına üzvlüyü və sədrliyi Milli Məclisin beynəlxalq fəaliyyətinin güclənməsinə təkan verib. Başqa sözlə desək, parlament diplomatiyasının inkişafı üçün gözəl bir fürsət yaranıb və Azərbaycan Respublikasının Milli Məclisi Sahibə Qafarovanın sədrliyi ilə ölkəmizin parlament diplomatiyasını uğurla yürüdür. Bu da təbiidir. Çünki Prezident İlham Əliyevin 2020-ci ildə yeni formalaşmış parlamentin ilk iclasında çıxışı zamanı qarşıya qoyduğu əsas vəzifələrdən biri Milli Məclisin beynəlxalq arenada fəaliyyətinin daha da gücləndirilməsidir.
Milli Məclisin sədr müavini diqqətə çatdırıb ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyətimizin İspaniyaya səfəri zamanı paytaxt Madrid şəhərində 2021-ci il 26 noyabr tarixində Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilib. Beynəlxalq əməkdaşlıq islahatlar prosesinə qanunvericilik dəstəyinin verilməsində xarici ölkələrin təcrübələrinin öyrənilməsi baxımından əhəmiyyətlidir, eləcə də Azərbaycan təcrübəsinin xaricə çatdırılması üçün mühümdür. Bu gün əminliklə demək olar ki, bu istiqamətdə digər ölkələrin parlamentləri ilə və beynəlxalq təşkilatlarla effektiv surətdə əməkdaşlıq edirik. İyunun 30-da Bakıda Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının uğurla və səmərəli surətdə keçirilməsi buna parlaq sübutdur.
“Bakı konfransının açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılmasından savayı, qurumun Gənclər Sammitinin keçirilməsi və Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması Azərbaycan tərəfindən irəli sürülmüş və digər üzvlərin dəstəyini qazanmış önəmli təşəbbüslər sırasındadırlar. Azərbaycanın təşəbbüsləri Qoşulmama Hərəkatının təkcə üzvlərinin bir-birlərinə dəstək ifadə etmək platforması kimi çıxış etməsinə deyil, eyni zamanda qurumun beynəlxalq arenada daha fəal rol oynamasına xidmət edir. Bu kontekstdə Azərbaycanın təşəbbüsü və öncüllüyü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qlobal parlament diplomatiyasında səsi eşidilən fəal bir aktora çevriləcəyinə olan ümid və inam artır”, – deyə Milli Məclisin sədr müavini bildirib.