Bakıda idman zalında qətl törədən Əli Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda qətlə yetirilən Bəxtiyar Nəsibovun qardaşı Vüsal Nəsibov ifadə verib.
Şahid istintaqda dindirilən zaman qardaşının qətlə yetirilməsini görmədiyini desə də, məhkəmədə hadisənin şahidi olduğunu bildirib.
Prosesdə zərərçəkmiş şəxsin vəkilinin cinayət işinin istintaqa qaytarılması ilə bağlı qaldırdığı vəsatətə baxılıb.
Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxs Bəxtiyar Nəsibovu tək öldürməyib, cinayətdə başqa adamların da iştirakı olub.
Vəkil Əli Abbasovun Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maDdələri ilə ittiham edilməli olduğunu deyib.
Dövlət ittihamçısı cinayət işinin istintaqa qaytarılmasına etiraz edərək, vəsatətin təmin olunmamasını istəyib.
Məhkəmə müdafiəçinin qaldırdığı vəsatəti təmin edib. Cinayət işi yenidən araşdırılması üçün istintaqa qaytarılıb.
Təqsirləndirilən şəxsin anası qərara etiraz edərək, zalda məhkəməyə məxsus kompüteri qırıb.
Məhkəmə zalında bu cür davranışa görə akt tərtib olunub.
Xatırladaq ki, hadisə ötən il martın 1-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən həmin zalda idman edən 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibov ilə bir-birilərinə baxmaq səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu ona sağlamlığına qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib. Sonra Ə.Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovu üzərində gəzdirdiyi bıçaq ilə döş qəfəsinin sol yan nahiyəsindən xəsarətlər yetirərək qəsdən öldürüb.
Əli Abbasov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.