Bu gün Prezident İlham Əliyevin “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçıları ilə görüşü olacaq.
“Report” xəbər verir ki, görüş bir qədər sonra Azərbaycan Prezidentinin sosial media hesabları vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, 2022-ci il aprelin 28-da Şuşada işinə başlayan və bu gün Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı Beynəlxalq Forumunun ideyası ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda yaranıb.
Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq forumun keçirilməsini təklif etmişdilər və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi.
Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi bu əzəli Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların da iflası deməkdir.
Beynəlxalq forum iştirakçıları aprelin 28-də Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa-dirçəlişə gedən yol”, post-münaqişə dövrünə dair “Əməkdaşlıq, İmkanlar və Çağırışlar” adlı panel müzakirələri keçirib.
Bu mühüm platforma xarici ekspertlərə post-münaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi üçün əlverişli imkan yaradır.