Bakıda qəzalı vəziyyətdə olan 1000-ə yaxın yaşayış binasında yoxlamalara başlanıb.
RUBİN.AZ xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Rəşid Ağayev “Xəzər Xəbər”ə bildirib ki, şəhərdə qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarında inventarizasiya işləri aparılır.
Bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq komissiya yaradılıb. Şöbə müdiri qeyd edib ki, yaşayış üçün təhlükəli vəziyyətdə olan binalar əsasən mərkəzi rayonlarda çoxluq təşkil edir.
Binada yaşayan sakinlər isə qısa zamanda başqa ünvana köçürülmələrini istəyirlər.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, komissiyaya Bakı şəhərinin ərazisində yaşayış üçün təhlükəli olan yaşayış binalarının inventarizasiyasının aparılması və bununla bağlı təkliflərin hazırlanmasının təmin edilməsi tapşırılıb. Bakı şəhərinin Rayon İcra hakimiyyətləri başçıları balans sahibindən asılı olmayaraq qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıyacaqlar.