Uzun müddətdən sonra 5 futbolçu Azərbaycan millisinin heyətinə cəlb olunub.
“Report”un məlumatına görə, bunlar “Sabah”ın qapıçısı Səlahət Ağayev, “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda, “Neftçi”dən Eddi İsrafilov, Almaniya “Ertsgebirge”sindən Dmitri Nazarov və “Zirə”nin hücumçusu Ağabala Ramazanovdur.
Onlar Malta və Latviyaya qarşı yoldaşlıq matçları üçün dəvət alıb. Oyunçuların hamısı son olaraq 2019-cu ilin noyabrında səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda komandaya çağırılıb.
Bundan əlavə, Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Mahir Emreli zədə səbəbindən heyətdə yer almayıb.
Qeyd edək ki, Azərbaycan yığması martın 25-də Malta ilə, 4 gün sonra isə Latviya ilə üz-üzə gələcək. Hər iki görüş Maltadakı Milli Stadionda gerçəkləşəcək.