Azərbaycanda yüksək vəzifəli hərbçi barəsində cinayət işi başlanılıb.
RUBİN.AZ xəbər verir ki, “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, Hərbi Polis bölmələrinin Bakı Qarnizonunun cinayət-axtarış şöbəsinin sabiq rəisi Feyzi Hüseynov rüşvət verməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 312.1-ci (xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması və ya verilməsi) maddəsi ilə cinayət işi başlanılıb.
Polkovnik-leytenantla bağlı aparılan istintaq tamamlanıb və iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Əldə etdiyimiz məlumata görə, F.Hüseynov Vətən müharibəsi dövründə qeyri-adekvat davranışlarına görə xidmətdən uzaqlaşdırılıbmış.
Qeyd edək ki, F.Hüseynovun adı bir neçə il öncə Azərbaycan ordusunun zabiti Xalid Şirəliyevin ölümündə hallanmışdı. Xidmət yerini tərk edən zabit Feyzi Hüseynov və əməkdaşları tərəfindən saxlanıldıqdan 3 gün sonra ölmüşdü. Ölən zabitin anası oğlunun bədənində zərbə izləri olduğunu, onun döyülərək qətlə yetirildiyini iddia etmişdi.