Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) Şurası sülhməramlı qüvvələrinin Qazaxıstana göndərilməsi barədə qərar qəbul edib.
APA xəbər verir ki, bu barədə TASS Ermənistanın Baş naziri, KTMT-nin hazırkı sədri Nikol Paşinyana istinadən məlumat yayıb.
Paşinyan bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar, habelə Qazaxıstanın milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Şurası müvafiq müqavilənin 4-cü maddəsinə uyğun olaraq, bu ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün təşkilatın sülhməramlı qüvvələrinin məhdud müddətə Qazaxıstan Respublikasına göndərilməsi barədə qərar qəbul edib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərəcəyi sülhməramlılar ölkədə qayda-qanunun yaradılmasında deyil, hərbi strukturların və dövlət əhəmiyyətli başqa obyektlərin mühafizəsində iştirak edəcəklər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov məlumat verib.
KTMT-nin qərargahından isə bildirilib ki, quruma üzv dövlətlərin liderləri Qazaxıstanda göndəriləcək sülhməramlıların tərkibini, strukturunu və sayını müəyyənləşdirəcək.
Qeyd edək ki, KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası və Tacikistan daxildir.
Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazın ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.